Şəhid Kazımlı Mürsəlin anım günü
Bu gün, oktyabrın 23-ü torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Kazımlı Mürsəl Kamil oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür. Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev və başqaları, Şəhid ailələri, qazilər, Şəhidin doğmaları və yaxınları iştirak edirdilər. O cümlədən məktəbin direktoru Məlahət xanım Əliyeva, məktəb kollektivi, şagirdlər anım gününə qatılanlar arasında idilər. Məktəbin direktoru tədbirdə çıxış edərək şəhidləri qürurla yad etdiyimizi, bunun mənəvi borcumuz olduğunu vurğuladı və Şəhidin ailə üzvlərinə səbr arzuladı. Şagirdlərin söylədikləri şeirlər hamının marağına səbəb oldu.
Tədbirin təşkilinə və şəhid ailələrinə göstərdiyi diqqətə görə RİH-nin rəhbəri Əziz Əzizova və əziyyəti keçən hər kəsə məktəb kollektivi adından dərin təşəkkürümüzü bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin!