“Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüş keçirildi

Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüş keçirildi. Məktəbdə təşkil olunan görüşdə Təlimə Dəstək Mərkəzinin metodistləri, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak ediblər.

Görüşdə çıxış edən məktəbin direktoru Nurqələm Bayramova layihənin əhəmiyyəti barədə danışıb. Bildirib ki, layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasını təmin edir. Həmçinin müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm rol oynayır. Müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs edən uşaq birliyi rəhbəri Aynur Qənbərova valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışıb.

Daha sonra valideynlər məktəb mühiti ilə tanış olublar. Onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Eyni zamanda, valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün "Açıq dərs"lərdə dərs müşahidələri keçirilib.

Görüşdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Həsənovanın  şagirdlərlə birlikdə hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Qeyd edək ki, “Valideynin məktəbdə bir günü” layihəsinin təşkil olunmasının əsas məqsədi müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi