"Oxu günü" adlı tədbir təşkil olundu

     Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub.  Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi,  Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı,  “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

      Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov,  təhsil nazirinin müavini Firudin Qurbanov,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva,  AMEA-nın,  Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

      “Gəlin birgə oxuyaq!”  şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri,  məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış ediblər.  Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar,  musiqili kompozisiyalar,  rəsm əsərləri təqdim ediblər.  Şagirdlər intellektual yarışlarda iştirak edib,  fləşmob keçiriblər.

      263 nömrəli tam orta məktəbin şagirdləri də öz fəallığı ilə seçiliblər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Həsənovanın təşkilatçılığı ilə şagirdlərimiz Hüseynbala Mirələmovun “Xəcalət” pyesini səhnələşdiriblər. Məktəbimizin 5e sinif şagirdi Eltun Vəlirzazadənin çıxışı qonaqları heyran edib.

     Məktəbin direktoru Nurqələm Bayramova bildirib ki, belə tədbirlərin keçirilməsi ölkəmizin ictimai həyatında mühüm hadisədir. Çünki son zamanlar oxuya, mütaliəyə həvəs azalıb. Kitab oxumaq və kitaba bağlılıq ənənəsi gənclərin bilik səviyyəsinin artmasına da təsirini göstərəcək. Bu gün ölkəmizin ən gözəl məkanlarının birində - Heydər Əliyev Mərkəzinin parkında bu qədər insanın bir araya gəlməsi mütaliəyə olan hörmətimiz, marağımız və həvəsimizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi