Azərbaycanın Milli qəhrəmanı, Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhid Mübariz İbrahimovun doğum günündə xatirəsi yad edildi.

Azərbaycanın Milli qəhrəmanı, Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhid Mübariz İbrahimovun doğum günüdür.
Məktəbin uşaq birliyi təşkilatı rəhbəri Aynur Qənbərova, 7a və 7d siniflərində şagirdlərlə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini yad etmişlər.
Mübariz İbrahimovun qəhrəmanlıq yolu barədə məlumat verildi, onun şücaəti və fədakarlığı şagirdlərlə müzakirə olundu. Şəhidimizin yazdığı məktub, onun həyat yolu və göstərdiyi rəşadət barədə danışıldı.
7a sinfi xüsusilə aktivliyi ilə seçildi. Şagirdlər Mübariz İbrahimov haqqında ətraflı məlumatlar bölüşdü, onun qəhrəmanlıq hekayəsinə öz münasibətlərini bildirdilər. Onlar Azərbaycan Ordusunun gücü, şəhidlərimizin müqəddəsliyi və Vətənin müdafiəsinin əhəmiyyəti barədə öz fikirlərini ifadə etdilər. Bəzi şagirdlər Mübariz İbrahimova həsr olunmuş şeirlər səsləndirdilər, digərləri isə onun haqqında bildikləri yeni faktlarla sinif yoldaşlarını məlumatlandırdılar.
7d sinfində də maraqlı müzakirələr aparıldı. Şagirdlər Mübariz İbrahimovun təkbaşına göstərdiyi qəhrəmanlığın nə qədər böyük bir fədakarlıq olduğunu vurğuladılar. Onlar şəhidin təkcə bir hərbçi deyil, həm də bir ideal, vətənpərvərlik rəmzi olduğunu qeyd etdilər.
Şəhidin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərlə birlikdə xatirə şəkilləri çəkildi, onların vətənpərvər ruhla yanaşması sevindirici oldu.
Bu görüş şagirdlərin yaddaşında silinməz iz buraxdı. Onlar Mübariz İbrahimovun fədakarlığını dərk edərək, gələcəkdə vətənə layiqli övladlar olmaq üçün daha çox çalışacaqlarını bildirdilər.
Bu cür tədbirlər gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasına, qəhrəmanlarımızın xatirəsinin daim uca tutulmasına və Azərbaycanın gələcək müdafiəçilərinin yetişməsinə xidmət edir.