Gənc nəsli sağlam ruhda böyüdək
03.05.2019-cu il tarixdə 258 №li tam orta məktəbdə “OCEP 2019” layihəsi çərçivəsində daha bir maraqlı tədbir keçirildi.
Tədbirdə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsinin attaşesi, İqtisadi və Mədəni əlaqələr
şöbəsinin kuratoru Hayke Mökel, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Milli Olimpiya Komitəsinin əməkdaşı Ceyhun Rəhmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Xəyalə Rüstəmova, 258 saylı tam orta məktəbin müəllim heyəti və şagirdləri iştirak etdi.
“OCEP–Avropa Gənclərinin Olimpiya Festivalı” tarixində Azərbaycanda ilk dəfə Olimpiya Mədəniyyəti və Təhsil Proqramı həyata keçirilir. Başlıca məqsəd Avropa Olimpiya Komitələrinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir. Olimpiya Mədəniyyəti və Təhsil Proqramının əsas vəzifələri Avropa ölkələrindən və Azərbaycandan 49 məktəb seçməklə, onlar arasında ünsiyyət yaratmaq, qardaşlaşmış məktəblərin məlumat və təcrübə mübadiləsi üçün xüsusi təyinatlı, multilinqivistik sosial media platformasını yaratmaq və idarə etmək, Bakı 2019 Avropa Yeniyetmələrin Yay Olimpiya Festivalını Azərbaycan və Avropa məktəblərinin vasitəsilə təşviq etmək, Olimpizm və Olimpiya dəyərlərini təbliğ etməkdir.
Olimpiya Mədəniyyət və Təhsil Proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlər və tədbirlər əsasən maarifləndirici xarakter daşıdığından onlar daha çox Olimpiya hərəkatının təşviqinə xidmət edir.
OCEP 2019” layihəsi çərçivəsində keçirilən tədbirin iştirakçıları hazırladıqları səhnəciklərlə, Azərbaycanın və Almaniyənın hər bölgəsini təcəssüm etdirən stendlərlə və tədbirə qatılan gənc idmançıların uğurlarını əks etdirən nümunəvi çıxışlarla bütün qonaqları heyran etdilər.
Tədbirin sonunda 258 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi tədbirin təşkilatçısı Məlahət Tağıyeva və Əli Kərimov Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən İdman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, Nərimanov rayonunun ictimai-siyasi həyatında fəal iştirakına, uşaqlarda idmana, bədən tərbiyəsinə marağın formalaşmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif edildilər.