İnsan həyatında əməyin önəmli rolu
Məktəbdaxili keçirilən layihələr arasında ən maraqlı mövzulardan biri də məktəbin 5d və 4ə sinif şagirdlərinin müraciət etdiyi “Zəhmətlə ucalır insan”mövzusudur.
Məktəbin müəllimləri T.Eyvazova, T.Namazova, A.Qəmbərovanın rəhbərliyi ilə 5d sinif şagirdlərinin hazırladıqları bu layihədə şagirdlər Qobustan xalça muzeyinə, taxta sexinə, bina tikintisinə, gül salonuna səyahət etdilər. Məktəbin yeməkxanasında pizza bişirməklə, məktəbyanı sahədə yaşıllaşdırma, abadlaşdırma işi aparmaqla şagirdlər zəhmətin nə olduğunu bildilər və zəhmətkeş insanların qədrini bilməyin vacibliyini anladılar.
Məktəbin 4ə sinfinin rəhbəri C.Baxşəliyeva da şagirdlərə əməyi, zəhməti sevdirmək, əməklə ucalan insanlara hörmət bəsləməyi, onların zəhmətinə qiymət verməyi öyrətmək məqsədilə onları zəhməti tərənnüm edən nağıllar aləminə səyahətə aparmış və insan həyatı üçün zəruri olan qida məhsullarının necə, hansı zəhmət hesabına əldə edildiyini onlara göstərmişdir.
Layihənin sonunda məktəbin direktoru S.Hüseynova müəllimlərin və şagirdlərin əməyi nəticəsində hazırlanan bu təqdimatları və apardıqları maraqlı tədqiqatları alqışladı, əməyin, zəhmətin insanın həyatında nə kimi önəmli rolu olduğunu qeyd etdi.