Özün bir təbiət yarat!
Ekoloji problemlər nədən yaranır? Bu suallara cavab axtaran məktəbin 8"b", 6"ə", 6"j" sinif şagirdləri apardıqları tədqıqat nəticəsində məlum oldu ki, insanların təbiətə qayğısız münasibəti, tələb olunan qaydaların yerinə yetirilməməsi ekoloji problemləri artıran səbəblərdəndir. Ölkəmizin neft və qaz ölkəsi kimi tanınması bir tərəfdən inkişafımıza müsbət təsir göstərir, digər tərəfdən isə hasilat bölgəsində həddindən çox çirklənmə baş verir. Şagirdlər bu problemlərlə yaxından tanış olmaq məqsədilə əvvəlcə 2009-cu ildə Fransanın CNİM S.A.şirkəti tərəfindən tikintisinə başlanan Balaxanı zibil emalı zavoduna ekskursiya etdilər. Onlar ekskursiya zamanı topladıqları maraqlı məlumatları təqdimat iştirakçılarına çatdırdılar,belə ki bu şirkət 500 min tona yaxın məişət tullantısının yandırılması üçün nəzərdə tutulmuş iki xətt inşa etmişdir. Zibilin yandırılması nəticəsində əmələ gələn şlam yol tikintisində istifadə olunacaq.
Bundan başqa şagirdlər bildirdilər ki, ekoloji problemlərin həllini hər kəs özundən başlamalıdır, bu məqsədlə topladıqları xeyli kağız tullantılarını təhvil verməklə ağacların kəsilməsinin qismən də olsa, qarşısını almışlar.
Azərbaycanın gözəlliklərini tərənnüm edən mahnılar, şeirlər oxuyan şagirdlər ifaları ilə bu gözəllikləri qorumağa çağırır, ölkəmizə gələn turistlərin bu gözəlliklərlə yanaşı, şəhərimizin ekoloji təmizliyinə də heyran olmasını arzulayırdılar.