“Valideynin Məktəbdə Bir Günü“ layihəsi məktəbimizdə
Valideynlərin övladlarının təhsil aldıqları müəsisə ilə yaxından tanışlığının təmin olunması, məktəbin pedaqoji heyəti, texniki işçi kollektivi ilə ünsiyyətin yaradılması, tədris prosesini izləmək, valideyn-şagird-müəllim və məktəb rəhbərliyi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə nail olmaq məqsədilə BŞTİ-nin rəhbəri olduğu bu layihə olduqca təqdirəlayiqdir.
Bu layihə məktəbimizdə 20.02.2019-cu il tarixdə keçirildi. Məktəbimizə ziyarət edən valideynlər akt zalına dəvət olunaraq məktəbin direktoru S.Hüseynova tərəfindən layihə və onun məqsədi haqqında geniş məlumat əldə etdilər. Məktəbin direktoru çıxışında məktəb-valideyn münasibətlərinin şagird nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən başlıca amil olduğunu, bundan başqa dərslərdə davamiyyətin artması, etik davranış qaydalarını yüksəldilməsinə də imkan yaradacağını vurğuladı.
Tədbirin rəsmi açılışından sonra məktəblə əyani tanışlıq zamanı valideynlər məktəb kitabxanası, yeməkxanası, fizika, kimya laboratoriyaları, idman meydançası, sinif otaqları ilə tanış oldular.
Valideynlərə dərs prosesinin izlənilməsi şansı verildiyindən və istənilən dərslərin izlənilməsi valideylərin ixtiyarına buraxıldığından onlar həm ibtidai, həm yuxarı siniflərdə keçirilən dərsləri maraqla izləyir, müəllimlərin onların övladlarına verdikləri təhsili, göstərdikləri qayğını gördükcə sevinir, şagirdlərin tapşırıqlarını, təqdimatlarını izlədikcə, fikirlərini dinlədikcə təhsil ocağındakı tədrisin keyfiyyətinin canlı şahidi olaraq dəyərləndirə bilirdilər.
Məktəb mühiti ilə geniş tanışlıqdan sonra akt zalında bütün bunlar geniş müzakirə edildi. Məktəb rəhbərliyinin iştirakı ilə aparılan səmərəli fikir mübadiləsi zamanı valideynlərin istər tədris prosesinin təşkilinin təkmilləşdirilməsi, istərsə də məktəbin ictimai işlərində şagirdlərin fəal iştirakının təmin edilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr barədə təklifləri, rəyləri dinlənildi.
Tədbirin bədii hissəsində istedadlı şagirdlər həm bədii qiraət, həm musiqi, rəqs, idman sahəsində öz məharətlərini göstərdilər. Tədbirdə üçqat dünya çempionu məktəbimizin 10-cu sinif şagirdi Fətəli İsmayılovun Qaydasız Döyüş Növləri üzrə Dünya Çempionatında 56 kq çəki dərəcəsində İtaliyanın Karrara şəhərində keçirilmiş “Sanda” yarışlarından göstərilən fraqmentlərlə yanaşı, onun öz məşqçisi ilə canlı olaraq göstərdikləri idman nömrələri böyük marağa səbəb oldu. Bundan başqa məktəbimizin fəxri-Stolüstü Tennis üzrə Avropa çempionu Nəzakət Qarayevanın Rumıniyada Stolüstü Tennis üzrə gənclər arasında keçirilən Avropa çempionatında I yeri tutaraq Azərbaycan bayrağını ən yüksəkdə dalğalandırması, himnimizi sevinc göz yaşları içərisində oxumasının monitorda canlandırılması, idmana böyük həvəsi olan 2b sinif şagirdi Yusif Şahhüseynlinin parataekvando sahəsində uğurları valideynləri təsirləndirdi. Tədbirin yekununda adlarını sadaladığımız şagirdlərin valideyneynləri ilə bərabər, digər valideynlər də məktəbdə şagirdlərə yaranan əlverişli şəraitə, əməkdaşlığa görə məktəb rəhbərliyinə təşəkkürlərini bildirdilər.