Məktəblilərimizin Novruz sevinci
Uzun illər unudulmayan ən əziz, ən doğma, ən sevimli milli bayramımız olan Novruzu səbirsizliklə gözləyən məktəblilərimiz onu sevinclə qarşıladılar. Şagirdlərimiz artıq tarix, ədəbiyyat dərslərindən mənası "yeni gün", "təzə il" olan Novruzun bizə keçmişimizdən yadigar qaldığını, bu bayramın bir çox adət-ənənələrində atəşpərəstliyinin izləri olduğunu, onun qədimliyini bilirlər. Milli paltarlarda yallı gedən, müxtəlif tamaşalar göstərən şagirdlərimiz Novruzun atributlarından olan bayram tonqalının ətrafında fırlanır, bəd nəzərlərin, pisliklərin, şər qüvvələrin odda yanması və yeni həyatın başlanmasına inanclarını ifadə edirdilər. Tədbirin sonunda məktəbin direktoru Sədaqət Hüseynova şagirdlərimizə milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qorumağı tövsiyə etdi. Gözəllik, xeyirxahlıq, halallıq, təmizlik rəmzi olan bu bayramın vətənimiz üçün nə qədər müqəddəs olduğundan danışdı.