Nərimanov rayonu üzrə “Məktəb hesabatları” dinlənilib

İyunun 23-də “Məktəb hesabatları”nın dinlənilməsi Nərimanov rayonu üzrə keçirilib.

Dinləmədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov və məktəb direktorları iştirak ediblər.

 Paytaxtdakı Məktəb-Lisey Kompleksində təşkil olunmuş dinləmədə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəb mühiti, ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri, hesabatlılıq, təhsil müəssisələrinin fəaliyyətində iştirak edən hər bir kollektiv üzvünün qarşılıqlı hesabatvermə yolu ilə tapşırılmış işə cavabdehliyi və vəzifə məsuliyyəti, zəruri hallarda idarəetmə sistemində müvafiq dəyişikliklərin aparılması kimi məsələlərə dair fikirlərini bildirib.

M.Vəliyeva “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər üzrə görülən işlərdən, Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərindən, təhsil sahəsində aparılan islahatlardan, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. BŞTİ-nin müdiri məktəb direktorlarının səmərəli idarəetmənin təşkili baxımından üzərinə düşən vəzifələr və müasir dövrün tələblərinə uyğun tədrisin təşkili təcrübəsinə yiyələnməsinin vacibliyi məsələlərini nəzərə çatdırıb. Məktəbin hərtərəfli inkişafı və tədris göstəricilərinin yaxşılaşdırılması məqsədilə təsirli tədbirlərin görülməsinin əhəmiyyətinə toxunan M.Vəliyeva inkişafetdirici layihələrin nəticələrinin təhlilinə xüsusi diqqət yetirilməsini önə çəkib.

İdarə müdiri tədris ilinin sonunda fəaliyyətə dair təhlilin aparılmasının perspektiv addımların seçilməsi, növbəti tədris ilində qarşıda duran vəzifələrin müəyyənləşdirməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə Nərimanov rayonu üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin təhlilinə və IV, VIII, IX siniflərdə keçirilən monitorinq imtahanları, buraxılış imtahanlarının nəticələrinə dair təqdimatla çıxış edib. TDM-in  direktoru İlkin Həsənov “Məktəbdə idarəetmə və pedaqoji işin təşkili ilə bağlı ehtiyaclar və tövsiyələr” mövzusunda təlim keçib.

Müzakirələrdə ümumi təhsil məktəblərində təmayülləşmə, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılması üsul və  formaları, təminat-təchizat, məktəblərdə valideyn-şagird-məktəb əlaqələri, tərbiyə işinin təşkili, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması və digər müvafiq mövzularda fikirlər dinlənilib, maraq doğuran məsələlərə dair suallar cavablandırılıb.

Qeyd edək ki, “Məktəb hesabatları”nın dinlənilməsinin əsas məqsədi ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulması, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sağlam rəqabətin yaranması, istedadlı şagirdlərlə işin düzgün qurulması və olimpiada hərəkatının genişləndirilməsi, uşaqların məktəbəhazırlıq təhsilinin genişləndirilməsi, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi, digər müvafiq məsələlərin müzakirəsi və təhsil müəssisələrində tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etməkdən ibarətdir.

“Məktəb hesabatları” üzrə dinləmələr paytaxtın 12 inzibati rayonu üzrə keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi