Məktəbimizdə “Məktəb seminarları”
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Ümumi təhsildə keyfiyyət ili”ndə təşkil olunan “Məktəb seminarları”nın Xətai rayonunun ümumi təhsil məktəbləri üzrə sayca 10-cu olan sessiyaları məktəbimizdə keçirilib. Sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər. Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədrisin təşkili, məktəb mühiti, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, yeni layihələrin icrası, təmayülləşmənin tətbiqi, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri, valideynlərlə işin qurulması və digər müvafiq məsələlərə toxunub. Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəb imicinin formalaşdırılması, təhsil müəssisələrinin uğurlarının təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəbdənkənar tədbirlərin təşkili, məktəblərin payız-qış mövsümünə hazırlığı və digər müvafiq mövzularda çıxış ediblər. Qruplar şəklində ayrı-ayrılıqda fənlər üzrə təşkil olunan sessiyalarda məktəbdaxili tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, dərsə davamiyyətin tənzimlənməsi, şagirdlərin yerdəyişməsi, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi və digər müvafiq məsələlər müzakirə olunub. Bildirək ki, “Məktəb seminarları” layihəsinin 3-cü ilində əsas məqsəd “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən bu tədbirdə rayonumuzun təhsil işçiləri xeyli fəal iştirak etdilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva tədbirin yüksək səviyyədə təşkil olunmasına görə məktəbimizin direktoru Qarat müəllimə , eləcə də məktəb kollektivinə öz təşəkkürünü bildirdi. İştirak etdiyimiz bu təlimlərin məktəbdə təlim və tərbiyə işinin yüksək səviyyədə təşkilinə, məktəbin keyfiyyət göstəricilərinin artmasına səbəb olacağına inanırıq.