Beynəlxalq Sülh Günü
Məktəbimizdə 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbirlər keçirilib. Belə ki, məktəbdə Beynəlxalq Sülh Gününə həsr olunan mühazirə və sinif təşkilat saatları, rəsm müsabiqəsi təşkil edilib. Məktəbin təsviri incəsənət müəllimi Sevinc Kərimova və 9 A sinif şagirdi İbrahimova Zibaxanım İslam Həmrəyliyi ilində 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş “Milliliyimizi qoruyaq” adlı sərgi - tədbirdə iştirak etmişlər. Məktəbdə Beynəlxalq Sülh Günü ilə əlaqədar şagirdlərin rəsmlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri, bülletenlər hazırlanıb. Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət- ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarət olmuşdur.Tədbirlərdə ölkəmizdə ənənəvi olaraq 21 avqust - 21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən danışılıb, “Sülh aylığı”nın mahiyyəti və Beynəlxalq Sülh Gününün yaranma tarixi haqqında şagirdlərə ətraflı məlumat verilib. “Azərbaycan sülh tərəfdarıdır”, “Uşaqlar sülh istəyir”, “Yurdda sülh, cahanda sülh”, “Sülh içində yaşayaq”, “Göyərçinim - sülh quşum”, “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”, “Sülhə gəlin, ey insanlar” kimi mövzularda keçirilən sinifdaxili tədbirlərdə çıxış edənlər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevər xalqlardan olan Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd ediblər.