Zirvəyə ucalan ömür-kapitan Ceyhun Həsənov

Tarix boyu Azərbaycanın  mərd, cəsur oğulları  ölümün gözünə qorxmadan dik baxıblar. İşğalçı Ermənistanın dinc əhalimizə qarşı yönəlmiş hərbi təxribatına cavab olaraq Azərbaycan ordusunun əks-hücumu ilə başlayan Vətən müharibəsində şəhid olan zabitimiz Ceyhun Aydın oğlu Həsənov da belə  igidlərin cərgəsindədir.

Ceyhun 1985-ci ildə Tovuz rayonunun Çeşməli kəndində  dünyaya göz açmışdı. Hələ uşaqkən ailəsi Bakıya köçmüşdü. Orta təhsilini Xətai rayonu Ə.Abbasov adına 257 saylı tam orta məktəbdə almış, nümunəvi davranışı və biliyi ilə məktəbin müəllim və şagird kollektivi arasında özünə hörmət qazandırmışdır. Orta məktəbdə oxuduğu müddətdə fənn olimpiadalarında və basketbol yarışlarında fəal  iştirak etmiş, müxtəlif nailiyyətlər əldə etmişdir. Sonra isə C. Naxçıvanski adına hərbi liseydə təhsilinə davam etmişdir. Ceyhun hərbi liseyi bitirdikdən sonra isə 2004-cü ildə Bakı  Ali  Birləşmiş Komandirlər məktəbinə daxil olmuşdur. Orada təhsil aldığı müddətdə manqa komandiri vəzifəsini icra etmiş, 2008-ci ildə həmin məktəbi “Motoatıcı”ixtisası üzrə bitirərək leytenant rütbəsi almışdır. Təhsilini davam etdirmək üçün Təlim Tədris Mərkəzinə zabit ixtisası kursuna göndərlimişdir. Ceyhun Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Cüdo”birinciliyində qazandığı nailiyyətlərə görə Fəxri fərmanla təltif olunmuşdur.

            Hərbi sirlərə dərindən bələd olduqdan sonra  Naxçıvanda  xidmətə  başlamış, 2010-cu ildə N saylı hərbi hissənin tağım komandiri vəzifəsini icra etmişdir. 27 iyun 2011-ci ildə Baş leytenant hərbi rütbəsi almış, Əlahiddə Ümumqoşun Ordu komandanının əmrinə əsasən 4 noyabr 2011-ci ildə N saylı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. 15 sentyabr 2015-ci ildə kapitan hərbi rütbəsini almışdır.

    Culfa, Şahbuz, Ordubad, Qıvraq, Şərur, Sədərək rayonlarında ön xətdə hərbi vəzifəsini layiqincə yerinə yetirmişdir. 2019-cu il 21 oktyabr tarixində Beyləqan rayon N saylı hərbi hissəyə göndərilmişdir.

Doğma Vətəni bütün varlığı ilə sevən kapitan Ceyhun Həsənov da düşmən əlində əsir qalan, nalə çəkən Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Elə bu arzu  ilə də son vaxtlar  hərbi xidmətini ön cəbhədə davam etdirirdi. Bu dünyada iki əmanətinin - əkiz övladları Cahid və Cavidanın bir yaşını yenicə qeyd edib, qulluq etdiyi hərbi hissəyə dönmüşdü.

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər azərbaycanlının vətəndaşlıq borcudur. Onların Vətənin azadlığı üğrunda canlarını fəda edərək şəhid olduqdan sonra zirvəyə ucalan ömürləri hər bir azərbaycanlı üçün böyük örnək, nümunəvi həyat yolu olmalıdır. “Sevərək yaşayanlar, sevilərək ölənlər”in  adları, xatirələri yaddaşlarda əbədi yaşayacaq, heç vaxt unudulmayacaqdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi