"23 Səhifə"

     Məktəbimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “23 Səhifə” adlı tədbir keçirildi. Tədbirdə pedaqoji kollektiv, şagirdlər, valideynlər, BŞTİ-nin və Təlimə Dəstək Mərkəzinin əməkdaşları iştirak etdilər.

     İlk öncə yuxarı sinif şagirdləri “Azərbaycanım” musiqisinin sədaları altında maraqlı fləşmobla qonaqları qarşıladılar. Qonaqlar məktəbin foyesində təşkil olunan sərgi ilə tanış oldular. Sərgidə Cümhuriyyətin 100 illiyinə həsr olunan bir-birindən maraqlı əl işləri, rəsm əsərləri, divar qəzetləri, təqdimatlar, bukletlər və s. nümayiş etdirildi.

     Sonra akt zalında "23 Səhifə” tamaşasının təqdimatı oldu. Tamaşada cəmi 23 ay mövcud olan  Şərqin ilk  demokratik respublikası  Azərbaycan Xalq Cümhuriyyətinin çətin şəraitdə əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rolu, həyata keçirilən böyük islahatlar canlandırıldı. Şagirdlərimiz Cümhuriyyətin yaradılmasında və fəaliyyətində əvəzsiz xidmətləri olan böyük tarixi şəxsiyyətlərin obrazlarını məharətlə canlandırdılar. M.Ə.Rəsulzadə obrazını canlandıran 8c sinif şagirdi M.Əliyev İstiqlal bəyannaməsini soylədikdən sonra dövlət himni səsləndirildi. Səhnədə qurulmuş maraqlı dekorasiya fırlandıqca cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin keçməkeşli tarixinə işıq salındı.

    Tamaşada Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı son anadək apardıqları dönməz və qəti mübarizəsi, Stepan Şaumyanın ciddi cəhdlə AXC-ni devirmək planları ,qarşıya qoyduğu amansız məqsədinin  gündən-günə şiddətləndiyi əks olunurdu. Stalinlə M.Ə.Rəsulzadənin görüş səhnəsində faciəli sonluqla bitən mübarizənin Azərbaycanın istiqlal tarixində şərəfli bir səhifə açdığı vurğulandı, ”Bir kərə yüksələn bayraq ,bir daha enməz!” şüarı alqışlarla qarşılandı.

    Tamaşada həmçinin bu şərəfli tarixin və faciəli taleyin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu da ön plana çəkildi . Şagirdlərimz Azərbaycanın bir əsrlik şərəfli dövlətçilik tarixini ardıcıllıqla təcəssüm etdirdilər. Cümhuriyyətin qısa fəaliyyəti dövründə yarımçıq qalmış işlərinin Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirildiyini qeyd etdilər.

    Sonra şagirdlər vətənpərvərlik mövzusunda bir-birindən maraqlı mahnılar ifa etdilər.Birincilərin rəqsi tədbirə rangarənglik qatdı.

     Tədbirdə çıxış edən məktəbin direktoru A.F.Bayramova Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi, BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Anar Qədimalıyev AXC-nin 100 illiyi münasibəti ilə iştirakçıları təbrik etdilər və belə tədbirlərin keçirilməsi doğma respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrənmək baxımından yüksək rol oynadığını xüsusilə vurğuladılar. Qürur hissi ilə söylədilər ki, bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik.

    Sonda tədbirdə xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi