Şuşa həsrəti

        Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Şuşa şəhərinin işğalı ilk dərslərdə hüznlə anıldı. Dərslərdə Şuşanın tarixindən ətraflı danışıldı, işğalı nəticəsində 195 nəfər Azərbaycan vətəndaşının xüsusi amansızlıqla qətlə yetirildiyi, 165 nəfərin yaralandığı, 552 körpənin valideynlərini itirdiyi, 20 mindən artıq əhalinin isə doğma yurd-yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdüyü, əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat olmadığı söylənildi.

       Şagirdlər qaniçənlərin tapdağı altında qalan Şuşanın ölüm sükutuna qərq olmasını videolentlərdə izlədilər.

       Dərs gününün sonunda isə tarix müəllimlərinin təşkilatçılığı ilə “Şuşa həsrəti” adlı "Dəyirmi masa" keçirildi. Tarix müəllimləri bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqının tarixini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərindən danışdılar. Qeyd olundu ki, 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və əlavə zirehli texnikanın köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi, qiymətli tarixi abidələr dağıdıldı.

    Tarix müəllimi T.Quliyev üzünü şagirdlərə tutaraq söylədi ki, bu xalqın tarixini, mədəniyyətini və həqiqətlərini mükəmməl şəkildə bilməliyik ki, gələcək nəsillərə çatdıraq və digər millətlərə də tanıdaq. Təqdimat bu şüarla bitdi: ”Qarabağ əzəli Azərbaycan torpağıdır və gün gələcək ki, biz ora qayıdacağıq, o torpaqları ziyarət edib Azərbaycan bayrağını orada asacağıq!”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi