Ana dilim, doğma dilim!
21 Fevral "Beynəlxalq Ana dili Günü" münasibəti ilə “Ana dilim, doğma dilim!” mövzusunda IV sinif şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya keçirildi.
Tədbir dövlət himninin sədaları ilə başladı. Sonra şagirdlər Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirdilər, Azərbaycan dilinin tarixi mərhələləri, ulu babalarımızdan miras qalan ən qiymətli milli sərvətimiz olan ana dilimizin gözəlliyi, incəliyi və bu dildə yaranmış əsərlər barədə məlumatlar verdilər. Şagirdlərin ifasında dilimizin gözəlliklərindən bəhs edən bədii qiraət nümunələri, ana dilinin müqəddəsliyini əks etdirən bayatılar, laylalar, şivələr, dahilərin dilimiz haqqında söylədikləri müdrik kəlamlar iştirakçılarda xoş təəssürat yaratdı. Bədii əsərlərdən səhnələşdirilmiş nümunələr, rəqs nömrələri alqışlarla qarşılandı.
Sonda məktəbin direktoru A.F.Bayramova tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. Üzünü şagirdlərə tutaraq ana dilimizin saflığını qorumağı və dərindən öyrənməyi tövsiyə etdi.