Pedaqoji şuranın iclası keçirilib

Sentyabr ayının 8-də 2025/2026-cı tədris ilinin ilk Pedaqoji şuranın iclası keçirilib. Məktəbin direktoru Zümrüd Abbasova pedaqoji kollektivi yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb. Səsvermə yolu ilə şuranın katibi riyaziyyat müəllimi Əliyeva Gülnara seçilib.
Yeni dərs ilində təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi, İKT imkanlarının geniş tətbiqi və təlim strategiyalarının təkmilləşdirilməsi, təhsilalanlara rəqəmsal biliklərin daha dərindən aşılanması əsas müzakirə mövzularından olub.
İclas zamanı direktor keçən tədris ilində əldə olunan uğurlar, qarşıda duran vəzifələr, hədəflər haqqında geniş məlumat verərək, sentyabrın 4-də keçirilən “Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı”nda qeyd olunan məsələləri kollektivin nəzərinə çatdırıb.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Əliyev Nazim də çıxış edərək məktəbdaxili qiymətləndirmənin mahiyyətini, onun növlərinin ardıcıl, bir-birini tamamlamaqla tətbiq olunmasını müəllimlərin diqqətinə çatdırıb. Sonra qiymətləndirmə vasitələrinin hazırlanması, qiymətləndirməyə dair sənədlərin saxlanılması və nəticələrin təhlili, elektron jurnalın işlənməsi və s. kimi məsələləri aydınlaşdırıb.
Uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Əkbərova Bahar cari ildə qarşıda duran məsələlər haqqında məlumat verərək sinif rəhbərlərini təlimatlandırıb və müəllimləri təşkilati işlərdə fəallığa səsləyib. O, irəli sürülən layihələrin icrasında daha məsuliyyətli olmağı tövsiyə edib.
Məktəbin psixoloqu Xalidə Allahverdiyeva şagirdlərin psixoloji sağlamlığının qorunması və dəstəklənməsi mövzusunda çıxış edib.
İclas zamanı həmçinin yeni təyin olunmuş müəllimlər təqdim edilib və kollektivə uğurlu əmək fəaliyyəti arzulanıb. Sonra məktəbin ibtidai sinif müəllimi Lamiyə Rəsulova Təhsil İnstitutunun 2025/2026 tədris ili üzrə keçirdiyi “Müasir metodis” müsabiqəsini uğurla keçərək, ibtidai siniflər üzrə metodis təyin olunması münasibəti ilə təbrik edilib.
İclasın sonunda direktor müəllimlərə yeni dərs ilində şərəfli, məsuliyyətli işlərində bir daha müvəffəqiyyətlər arzulayıb, onlara təlim keyfiyyətinin daha da yüksəldilməsi, layihələrin hazırlanması və qabaqcıl təcrübənin müəyyənləşdirilməsinə, qarşıya qoyulan hədəflərə çatmaq üçün birgə əməkdaşlığa və məsuliyyətli yanaşmaya çağırıb.