Bizim gücümüz, bizim planetimizdir!

Aprel ayının 22-də məktəbin coğrafiya müəllimləri Aytəkin Məlikova və Səmayə Vəliyeva tərəfindən V-VI sinif şagirdlərinin iştirakı ilə Yer Günü qeyd olunub. Tədbirdə məktəbin direktoru Zümrüd Abbasova və təşkilatçı Bahar Əkbərova da iştirak edib. Bu günün qeyd olunmasının məqsədi şagirdlərin ekoloji problemlərə diqqətini çəkmək, ətraf mühitin qorunmasına çağırmaq və gələcək nəsillər üçün davamlı həyat tərzini təşviq etməkdən ibarət olub.
Tədbirdə müəllimlər qeyd edib ki, 1970-ci ildən etibarən bütün dünyada milyonlarla insan Yer Günü çərçivəsində ağacəkmə, təmizlik kampaniyaları və maarifləndirmə tədbirlərində iştirak edir. Hər il Yer Günü müəyyən deviz altında qeyd olunur. Bu il də “Bizim gücümüz, bizim planetimiz” devizi altında qeyd olunan Yer Gününün əsas hədəfi 2030-cu ilə qədər təmiz enerjini 3 dəfə artırmaq, bərpa olunan enerji və ekoloji davamlılıq üçün birləşməyə çağırışdır.
Şagirdlər Yer Gününü təsis olunması, ətraf mühitin qoruma yolları haqqında məlumatlar verib, müxtəlif rəsmlər çəkib, mahnılar oxuyub, səhnəciklər nümayiş etdirib və şüarlar səsləndiriblər. Tədbirin sonunda şagirdlər məktəbin həyətyanı sahəsində təmizlik işləri aparıblar.