Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən maarifləndirici görüş keçirilib

Oktyabr ayının 26-da Xəzər Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Xəyalə Həsənova və birinci Polis şöbsinin sahə inspektoru, polis leytenantı Emin Abbasov tərəfindən İ. Muradov adına 237 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri ilə “Narkomaniya ümumbəşəri bəladır” və “İnternetdən təhlükəsiz istifadə edək” adlı maarifləndirici görüş keçirilib.
Görüşdə məktəbin direktoru Zümrüd Abbasova gələn qonaqları salamlayıb, şagirdlər üçün belə görüşlərin təşkilinə görə polis əməkdaşlarına öz minnətdarlığını bildirib.
Mövzu ilə videoçarx izlənilib. Sonra Xəyalə xanım “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda çıxış edərək ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, eləcə də digər zərərli vərdişlər və onlardan qorunma yolları barədə məktəblilərə ətraflı məlumat verib. O, öz çıxışında internet vasitəsilə törədilən kibercinayətlər, habelə müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin və alqı-satqısının internet üzərindən həyata keçirilməsinin mənfi təzahürləri barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Xəyalə xanım həmçinin Polis Akademiyasına qəbul qaydaları haqqında məlumat verib, bu sahədə təhsilini davam etdirmək istəyənlərə Xəzər Rayon Polis İdarəsinin daim dəstək olduğunu vurğulayıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onların fikirləri dinlənilib.