Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir
22.05.2019 tarixdə məktəbimizdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keyfiyyətə nəzarət sektorunun müdiri Anar Qədiməliyev, Xəzər rayonu İcra Hakimiyyətinin nümayəndəsi Ofeliya Məmmədzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayonu bölməsinin sədri Arif Buzovnalı, Buzovna məscidinin axundu şair Hacı Soltan Əlizadə, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rəşad Rəhimov, Xəzər rayonu 123, 124, 125, 156, 183, 185, 322, 323 saylı məktəblərin direktorları iştirak ediblər.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyevanın (əməkdar müəllim) VII-X sinif şagirdləri ilə birlikdə hazırladığı “Həqq mənəm, həqq məndədir, həqq söylərəm” adlı bədii hissədə balaca qəhrəman sehrli xalat vasitəsilə keçmişə - XIV əsrə səyahət edir, dərvişlərin və xanımların, eləcə də Nəsiminin – X sinif şagirdi Orucov Əlinin söylədikləri qəzəlləri dinləyir, sonra XXI əsrə dönür, müəllimin şərhini, şagirdlərin söylədikləri qəzəlləri və məktəb ansamblının müşayiəti ilə balaca xanəndə Elxan İsgəndərovun ifa etdiyi muğamı dinləyir, anlayır ki, özündə cismi və canı, bədəni və ruhu, qaranı və ağı, yeri və göyü, cahanın 4 istiqamətini, kainatın 4 ünsürünü birləşdirərək sığışdıran, özü isə bu cahana sığmayan insan - Nəsimi insanpərvərlik və azadlıq nəğməkarı, ölümü ilə ölməzlik qazanan, öz həqiqətini, öz “ənəlhəq”ini yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə əfsanələrə çevirmiş, mərdanə ölümü ilə təbliğ və təsdiq etmiş dahi bir şairdir.
Bədii hissədən sonra “Məclisi-üns” qurulub, İ.Fəhmi, A.Buzovnalı və H.S.Əlizadə Nəsimi poeziyasının rəmzi mənaları haqqında maraqlı məlumatlar veriblər.
Tədbirin sonunda çıxış edənlər: A.Qədiməliyev, O.Məmmədzadə, 123 nömrəli məktəbin direktoru A.Əliyev bu gözəl tədbirdən məmnunluqlarını bildirib, şagirdlərə bu tədbirdən gözəl şeylər əxz etməyi, zəkalı, kamil, öz amalından dönməyən, mübariz, haqq, həqiqət yolunda canından keçməyə hazır olan mərd, doğrucul, sadiq, vəfalı, gözəl insan olmağı tövsiyə ediblər.
Tədbirdən sonra məktəbin direktoru Könül Məmmədli qonaqları məktəblə tanış edib. Qonaqlar təsviri incəsənət müəllimi Gülnar Binaktarinin rəhbərliyi altında işləyən gənc rəssamlarla söhbət edib, şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxıblar.