2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə “Sehrli kitab aləmində” adlı tədbir
Məktəbimizdə məktəbin kitabxana müdiri Səbinə Sultaninin rəhbərliyi ilə 2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə “Sehrli kitab aləmində” adlı tədbir keçirildi.
Sevimli nağıl qəhrəmanlarını canlandıran şagirdlər “Ağca və yeddi cırtdan”ın ( 1c – Məhərrəmova Cəlalə) maraqlı macəraları ilə tanış etdilər, “Çirkin ördək balası”nın ( 2d – Hüseynli Natavan) gözəl qu quşuna çevrilməsini seyr etdilər, “Düyməcik” nağılının ( 3c – Əkbərova Fəridə) bir birindən maraqlı personajları ilə görüşdülər, “Zoluşka”nın (4e – Şiriyeva Elnarə) sevincinə sevinib, “Qaraca qız”ın ( 4b – Fərzəliyeva Arzu) faciəvi taleyinə acıdılar.
Sonda 10a və 10b sinif şagirdləri bu il 650 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan” qəzəlini ifa etdilər, böyük şairin obrazı canlandırıldı.
Tədbirin sonunda çıxış edənlər : məktəbin direktoru Könül Məmmədli, Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim), tərbiyə işləri üzrə direktor müavini Elmira Əliyeva qeyd etdilər ki, məhz uşaq nağıllarından başlayan kitaba olan məhəbbət dahi yazıçıların, şairlərin cild-cild əsərlərinin oxunmasına, dərk edilməsinə gətirib çıxarır.
Tədbir kompüter, texnika əsrində belə kitabın insan həyatında böyük rolu olduğunu bir daha sübut etdi.