Metodbirləşmələrlə " Keyfiyyətin təminatı - sinifdaxili qiymətləndirmənin proseduru və metodologiyası " mövzusunda söhbətlər aparıldı
Martın 27- 29-da məktəbimizin direktoru Könül Məmmədli Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAİEX proqramı çərçivəsində “ Keyfiyyətin təminatı – sinifdaxili qiymətləndirmənin proseduru və metodologiyası” mövzusunda keçirilən seminarda iştirak edib. Üç gün davam edən seminarda seminar iştirakçıları məktəbdaxili qiymətləndirmənin yeni yanaşma və təqdiqatları, formativ, summativ və yekun qiymətləndirmənin tətbiqi , qiymətləndirmə sahəsi üzrə testlərin hazırlanması, özünüqiymətləndirmə, məktəbdaxili qiymətləndirmədə açıq sualların əhəmiyyəti kimi mövzular barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.
Məktəbin direktoru Könül Məmmədli seminarın davamı olaraq məktəbdə metodbirləşmələrlə görüş keçirmişdir. O, müxtəlif metodbirləşmələrin üzvləri ilə ayrıca söhbətlər aparmış , seminar boyu əldə etdiyi yerli və beynəlxalq təcrübəni pedoqoji heyətlə bölüşmüşdür. Könül müəllim həmçinin aprel və may ayında qarşıda duran məqsəd və vəzifələrdən söz açmış, nəzərdə tutulmuş işlər barədə kollektivi məlumatlandırmış, hər ayın sonunda hesabatların hazırlanması barədə göstəriş vermişdir. Könül müəllim özünüqiymətləndirmənin əhəmiyyətindən danışmış, metodbirləşmə daxilindəki hər bir üzvün digərlərinin dərsini dinləyərkən həmkarlarını qiymətləndirməklə yanaşı, özünü də qiymətləndirməyi və metodbirləşmə üzvlərinin reytinq cədvəlini hazırlayaraq özünün də həmin cədvəldə yerini müəyyən etməyi tapşırmışdır. Məktəbin direktoru onu da qeyd etdi ki, bu cür qarşılıqlı təcrübə paylaşımı təhsildə keyfiyyətin yüksəlməsi üçün daha etibarlı zəmin yaradacaq.