" Qanlı tariximizə səyahət " adlı ədəbi-bədii kompozisiya keçirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamını rəhbər tutaraq məktəbdə hazırlanmış tədbirlər planına uyğun olaraq 30.03.18. tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim) VI-XI sinif şagirdləri ilə “Unutmuruq, unutdurmuruq” şüarı altında “Qanlı tariximizə səyahət” adlı tamaşa hazırlamışdır. Tamaşada baba və nənə öz nəvələrinə ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər haqqında danışdıqca hadisələr səhnədə canlandırılırdı. Nəvələr 1905, 1918 və 1992-ci illərdə xalqımızın başına gətirilən faciələr haqqında məktəbdə öyrəndikləri məlumatlar və faktlar barədə məlumat verdilər. Nənə və baba vurğuladılar ki, tariximizi unutmamalı, onu gələcək nəslə olduğu kimi çatdırmalıyıq ki, bu faciələr bir daha təkrarlanmasın.
Tamaşanın sonunda çıxış edənlər: məktəbin direktoru Könül Məmmədli, Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva, tarix müəllimləri Şəlalə Nəcəfova və Zenfira Babayeva qeyd etdilər ki, ümummilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə ermənilərin xalqımıza qarşı vəhşi təcavüzü öz siyasi qiymətini almış, dünyaya azərbaycanlıların soyqırımı kimi tanıdılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı sərəncam isə erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədi daşıyır.