“Qanlı yanvar dastanı”
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim) dərs dediyi VI, VIII və XI sinif şagirdləri ilə birlikdə hazırladığı “Qanlı yanvar dastanı” adlı tamaşa ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə olan ümumxalq məhəbbətini təzahür etdirdi. 10 nəfər Yanvar şəhidinin qısa həyat yolunu təsirli səhnələrdə əks etdirən şagirdlər vurğuladılar ki, itkilərimiz böyük, ağrı-acımız sonsuz olsa da, qazancımız daha böyük oldu: xalqımız 70 ildən sonra yenidən azadlığına doğru ayaq açmışdı, “Bir kərə yüksələn bayraq bir daha enməz!” – deyərək üçrəngli müqəddəs bayrağımızı başı üstünə qaldırmışdı.
Tamaşanın sonunda çıxış edən Kəmalə müəllimə 20Yanvar 1990-cı il tarixini Azərbaycanın rus əsarətində olmasının sonu kimi tariximizin köhnə mərhələsinə aid, müstəqilliyimizə gedən yolda ilk addımımız olduğu üçün isə Azərbaycan tarixinin yeni dövrünə aid önəmli bir mərhələ kimi dəyərləndirdi. Tədbir ümummilli liderimiz Heydər Əliyevin qoyduğu yolu ləyaqətlə davam etdirərək müstəqil Azərbaycanı yeni-yeni uğurlara doğru aparan möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə düşmən tapdağında olan torpaqlarımızın azad ediləcəyi, şəhidlərimizin qanı bahasına başımız üstünə qaldırdığımız üçrəngli bayrağımızın Şuşada dalğalanacağına əminliklə möhtəşəm “Heyratı” sədaları altında başa çatdı.