məktəbimizdə “Mən və hüquqlarım” mövzusunda tədbir keçirildi
Sosial ədalət prinsipinə əsaslanan dövlətimizdə qanun qarşısında hamı bərabərdir, hamı cavabdehdir. Bildiyimiz kimi 2017-ci ilin 20 oktyabr – 20 noyabr tarixlərində ölkədə “ Uşaq hüquqları aylığı” elan edilmişdir. 14.11.2017-ci il tarixində bu aylığın yekunu ilə əlaqədar məktəbimizdə “Mən və hüquqlarım” mövzusunda tədbir keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əzizə Məmmədovanın rəhbərliyi ilə 10a sinif şagirdlərinin 7a və 7ç sinif şagirdləri ilə keçirdikləri diskussiyadan bir daha aydın oldu ki, uşaqların iqtisadi, sosial, mədəni və siyasi hüquqlara malik olması Uşaq Hüquqları Konvensiyasında öz əksini tapmışdır.
Disputda vurğulanan bir sıra məsələlər “Ailə” , “Təhsil”, “Səhiyyə”, “İstirahət” adlı qruplar arasında bir daha müzakirə olundu.
Sonda şagirdlər bildirdilər ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaq məsələsinə diqqəti bu sahəyə göstərilən qayğının daha da artmasına səbəb olmuşdur.