"Əməkdar müəllim"imiz təltif olundu
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2017-ci il tarixli sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə 58 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 57 nəfər “Əməkdar müəllim”, 1 nəfər “Əməkdar mədəniyyət işçisi”, 1 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına, 1 nəfər “Azərbaycan Respublikasının fəxri diplomu”na, 1 nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü”nə layiq görülüb.27 oktyabr 2017-ci il tarixdə dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Təltif olunanlar arasında məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Kəmalə Hafiz qızı da vardır. Ona təqdim olunan medalı və vəsiqəni alan Kəmalə Əliyeva təhsilə göstərilən diqqət və qayğıya, müəllim əməyinə verilən yüksək qiymətə görə dövlət başçımız möhtərəm İlham Əliyev cənablarına, Təhsil naziri Mikayıl Cabbarova və bu möhtəşəm işin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirmiş, dövlətimiz, cəmiyyətimiz üçün layiqli vətəndaşlar, hərtərəfli bilik və bacarıqlara, geniş dünyagörüşünə malik şəxsiyyətlər yetişdirmək əzmi ilə çalışacağını vurğulamışdır.