Şəhidlik zirvəsini fəth edən nur üzlü şəhid
Məktəbimizin 8 b sinfinin sinif rəhbəri , şagirdləri və bir qrup valideyn şəhid ailəsini ziyarət ediblər.
44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı şəhid Mehdi Fərzullazadə Zaman oğlunun qardaşı Asəfin sinif yoldaşları ailəyə başsağlığı diləklərini yetiriblər. Şəhidlik zirvəsini fəth edən nur üzlü şəhidlə qürur duyduqlarını bildiriblər. Qəhrəman övladı haqqında danışarkən gözləri dolan Elvira xanım Mehdinin döyüş yoldaşlarının xatirələrini dilə gətirib.
Döyüşün ən qaynar zamanlarında göstərdiyi igidliklərdən danışaraq qeyd edib ki, ağır döyüşlərin birində yaralanan bir əsgərə ilk tibbi yardım göstərərək onu xilas edir. Sonradan sağalan əsgər minnətdarlıq etmək üçün Mehdini axtarır , lakin onun şəhid olduğunu eşidir.
İndi oğluna aid əşyalarla ovunmağa çalışan Elvira ana Mehdi üçün yaratdığı guşədə olan döyüş çantasından , şəxsi əşyalardan, fotoşəkillərdən təsəlli almaq istəyir. Şagirdlər də şəhid övladının adını daim yaşatmağa çalışan anaya bildirdilər ki, Mehdi Fərzullazadə kimi oğulları tanıtmaq və onların igidliklərini gələcək nəsillərə çatdırmaq bizim də borcumuzdur.