Dalğalanan üçrəngli bayrağım!
Məktəbin fəaliyyət planına uyğun olaraq 6 “C” sinfində ədəbiyyat dərsində keçilən mövzu ilə Azərbaycan ordusunun şanlı qələbəsi əlaqələndirilmişdir. Belə ki, şagirdlər “Qurban bayramı”(M.Çəmənli) hekayəsində bir baba və nəvənin düşmən işğalı altında olan Şahbulaq qalasına həsrətinin şahidi oldular. Ali Baş Komandanın əmri ilə 27 sentyabrdan başlanan haqlı müharibədə Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı xilas etdi. Nəticədə bu ərazilərdə talan olmuş xeyli maddi-mədəniyyət abidələri də geri alındı. Şagirdlər əsərin təhlili ilə bağlı olan dərsdə Şahbulaq qalası haqda məlumat topladılar. Şagirdlərdən F.Nisəbəyim, H.Afət Qarabağ xanlığı, Şahbulaq qalasının tarixi haqda məlumat verdilər. Beləliklə, araşdırma əsasında məlum oldu ki, ermənilər digər abidlər kimi Şahbulaq qalasının da tarixini saxtalaşdırmağa çalışmış, burada da saxta muzey yaratmışlar. Azərbaycanın tarixi izlərini qaladan silməyə çalışsalar da, buna nail ola bilməmişlər. Dərsdə Şahbulaq qalası haqda video nümayiş etdirildi. Dərs Şahbulaq qalasından dalğalanan üçrəngli bayrağımızın təsviri ilə yekunlaşdı.