“Həmkara dəstək” adlı layihəmiz davam edir
Məktəbin fəaliyyət planına uyğun olaraq Azərbaycan dili aylığı çərçivəsində ibtidai sinif müəllimləri ilə əməkdaşlığı gücləndirmək məqsədi ilə “Həmkara dəstək” adlı seminar təşkil olundu. V – XI siniflərdə tədris olunan həm Azərbaycan dili, həm də ədəbiyyat fənləri bilavasitə I – IV siniflərdə keçilən Ana dili fənninin məntiqi davamıdır. Bunu nəzərə alaraq, yuxarı sinif müəllimlərinin qarşılaşdığı problemlərin aradan qaldırılma yollarından biri də məhz ibtidai sinif müəllimləri ilə sıx əməkdaşlıqdır. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalovanın apardığı seminarda “Ana dili” fənnini əhatə edən məzmun xətləri (“Dinləyib – anlama və danışma,” “Oxu”, “Yazı” və “Dil qaydaları”) üzrə müxtəlif standartların reallaşdırılması məsələlərinə toxunuldu. Aşağı siniflərdən etibarən şagirdlərdə oxu bacarıqlarının, oxuyub – anlama vərdişlərinin, mütaliə qabiliyyətinin inkişaf etdirilməsi məqsədi ilə aparılan işlərin səmərəliliyini artıran tövsiyə və təkliflər verildi. Tədris ilinin oktyabr ayında Təhsil Nazirliyi tərəfindən 5 – ci siniflərdə aparılan diaqnostik qimətləndirmənin nəticələri müzakirə olunarkən müəyyənləşdirilən mövzulardan bəhs olundu. Müxtəlif dil qaydalarını əhatə edən həmin suallardan şagirdlərin böyük əksəriyyəti üçün çətinlik törədən mövzuların mənimsədilməsi yolları izah olundu. Verilən nəzəri məlumatların tətbiqi üçün praktik tapşırıqlar icra edildi. Müəllimləri maraqlandıran suallar cavablandırıldı.