Fevral ayı məktəbimizdə Azərbaycan dili və ədəbiyyat fənni aylığıdır
Məktəbin fəaliyyət planına uyğun olaraq fənn aylıqları davam edir. Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin növbəti yığıncağı keçirildi və “ Fənn aylığı” na start verildi. Müəllimlər arasında onların Ana dili və ədəbiyyat fənlərini tədris etdikləri siniflər üzrə iş bölgüsü aparıldı. Aylıq çərçivəsində ibtidai sinif müəllimləri ilə aktiv əməkdaşlıq planlaşdırıldı.
Ay ərzində keçiriləcək bədii diskussiyaların, dəyirmi masa və debatların mövzusu müəyyən olundu. Ədəbiyyat dərsləri üzrə layihələrin keçirilməsi təklif olundu. Seçilmiş bədii nümunələr əsasında 5,6 və 7-ci sinif şagirdlərinin səhnəciklər təşkil etməsi, tamaşa-viktorinaların hazırlanması, şeir və nəsr əsərlərinin ifadəli oxusunun təşkili planlaşdırıldı.
Söz ustadlarımızın şəkillərindən ibarət sərgiyə aylığın başlanmasını əks etdirən stend təşkil olundu. Hər bir sinif otağının qarşısında bədii kitablarda şəkil və portretlərdən, müxtəlif əsərlərin motivləri əsasında illüstrasiyalardan ibarət sərgilərin yaradılması nəzərdə tutulur.
Ubr-rəhbəri Mədinə İsgəndərovanın və tərbiyə işləri üzrə direktor müavini Səfa Orucəliyevin iştirakı ilə “ Mənim söz dünyam” adlı hekayə, “Mən obrazlı düşünürəm və obrazlı yazıram” adlı yazı, “ Təsirli söz” adlı qiraət müsabiqələrinin keçirilməsi qərara alındı. Azərbaycan dili fənni üzrə müxtəlif məzmun xətlər xəritələrini əhatə edən standarların reallaşdırılma səviyyəsini yoxlamaq məqsədi ilə məktəb rəhbərliyinin bilavasitə iştirakı ilə monitorinqlərin keçiriləcəyi bildirildi. Bu məqsədlə müəllimlərə xüsusi suallardan ibarət bank yaradılması tapşırıldı.
Ay ərzində açıq dərslərin, intellektual yarışların, təqdimatların keçirilməsi də planlaşdırılır.
Ay ərzində keçiriləcək tədbirlərdə məqsəd şagirdlərdə Ana dilimizə və ədəbiyyatımıza sevginin artırılması, vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi, geniş dünyagörüşünün formalaşdırılmasıdır.