İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə yüzlərlə azyaşlı, Bakı məktəblərinin şagirdləri,o cümlədən məktəbimizin şagirdləri də iştirak ediblər.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.
Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Burada buz meydançası, rəqs meydanı, müxtəlif idman və incəsənət meydançaları yaradılıb. “Street art” - küçə incəsənəti üçün ərazidə uşaqlar asfalt üzərində, “Art” meydançasında isə molbertlərdə müxtəlif rəsmlər çəkiblər. Kiçik avtomobillərlə ralli təşkil olunub, rollerdrom yaradılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin guşəsində interaktiv oyunlar və əyləncəli müsabiqələr təşkil olunub. Uşaqlar tərəfindən maraqla qarşılanan müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib. 
Labirint zonasında balacalar səmti müəyyənetmə idmanı ilə məşğul olub, vaxtlarını şən və maraqlı keçiriblər. Uşaqlar, həmçinin şahmat oynayıb, idmanın müxtəlif növləri – futbol, basketbol, voleybol, gimnastika, taekvondo, cüdo, atletika və qılıncoynatma üzrə master-klaslarda iştirak edib, öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Estafet meydançasında isə balacalar mini qolf və oxatma ilə məşğul olub, həmçinin özlərini intellektual yarışlarda sınayıblar.
Eyni zamanda, parkda uşaqlar üçün müxtəlif maraqlı attraksionlar – batutlar, sürüşkənlər, karusellər, yelləncəklər də quraşdırılıb.
Cizgi filmlərinin qəhrəmanlarının (maskotlar) iştirakı ilə keçirilən “Disney parad” nağıllar aləmini daha da zənginləşdirib. Uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər. 
Həmçinin azyaşlılar üçün konsert proqramı təşkil olunub. Konsertdə uşaq yaradıcılıq mərkəzləri və studiyaları müxtəlif mahnılar, rəqslər, səhnəciklər təqdim ediblər.
Bakıdakı və regionlardakı uşaq evləri və internat məktəblərinin yaradıcı yetirmələri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar isə rəqs nömrələri, müxtəlif əl işlərini nümayiş etdiriblər.
Uşaqlar üç saat ərzində bayramlarını bol əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını da nümayiş etdirib, həm də yeni-yeni dostlar qazanıblar.
Qeyd edək ki, uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu Öndərin adını daşıyan Fond yarandığı ilk gündən uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi