9 Noyabr-Dövlət Bayrağı Gününə həsr olunan yekun tədbir keçirildi

9 Noyabr- Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlərə 8 noyabr tarixində akt zalında, yuxarı sinif şagirdlərinin hazırladığı tədbirlə yekun vuruldu. Tədbir Dövlət Himninin ifası ilə başladı. Tədbirin təşkilatçısı Əzəmət Quliyeva bayram münasibətilə xalqımızı təbrik edərək tədbiri açıq elan etdi. 
Şagirdlərin ifasında bayrağımızı tərənnüm edən şeirlər səsləndi, mahnılar ifa olundu, rəqslər nümayiş etdirildi. Bayrağımızı sonsuz məhəbbətlə vəsf edən şagirdlərimizin çıxışları tədbirə tamaşa edənlərin alqış sədaları ilə qarşılandı. Şagirdlər çıxışlarında 100 yaşlı bayrağımızın tezliklə Xankəndində, Şuşada, Laçında və digər işğal altında olan torpaqlarımızda dalğalanacağına indandıqlarını bildirdilər.
Tədbirin sonunda söz məktəb rəhbərliyinə verildi. Məktəbimizin direktoru Təhmasib Məmiyev bildirdi ki, üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 
O, çıxışında qeyd etdi ki, dünyanın ən hündür bayraqlarından biri Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. “Ginnes”in Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Belə ki, inşa olunan dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kv. metr, kütləsi isə təqribən 350 kiloqramdır. 
Sonra ən gözəl şeir söyləyən şagirdə dövlət bayrağı təqdim olundu.
Sonda tədbirin ərsəyə gəlməsində böyük əməyi olan məktəbimizin müəllimləri Əzəmət Quliyeva və Validə Cavadova məktəb rəhbərliyi tərəfindən Diplomla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi