Ana dilim

6D sinif şagirdləri müəllimləri Sevinc Quliyevanın təşkilatçılığı ilə “21 Fevral Beynəlxalq Ana Dili Günü” mövzusunda təşkilat saatı keçiriblər. İlk öncə S.Quliyeva çıxış edib. O, çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin, Şah İsmayıl Xətainin dil haqqında dediyi kəlamlardan sitatlar gətirib. Daha sonra qeyd edib ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik, tarixin qızıl səhifəsidir. Müəllimin çıxışından sonra isə şagirdlər öz fikirlərini bir-birləri ilə bölüşüb, Ana dili haqqında şeirlər səsləndiriblər.
Dil açanda ilk dəfə “ana” söyləyirik biz,
“Ana dili” adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə gilə.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!