Sərgi təşkil olundu

 Müasir dövrümüzdə şagirdlərin intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin və asudə vaxtlarının təşkilində ümumtəhsil məktəblərində yaradılan dərnəklərin böyük rolu vardır.

 2022-2023-cü tədris ilinin əvvəlində məktəbimizdə də müxtəlif dərnəklər yaradılıb. Birinci yarım il ərzində dərnək rəhbərləri tərəfindən müxtəlif idman yarışları, rəsm sərgiəri, təqdimatlar, müsabiqələr, görüşlər, ekskursiyalar, dəyirmi masalar təşkil edilib.

 Yanvarın 26-da respublikamızın ümumtəhsil məktəblərində dərs ilinin I yarımilinə yekun vuruldu. Həmin gün məktəbimizin “Gənc tarixçilər”, “Məntiq”, “Rəsm”, “Bədii qiraət” və “Şahmat”  dərnəklərinin də hesabat tədbiri təşkil olundu. İlk öncə tədbir iştirakçıları məktəbin foyesində 44 günlük Vətən müharibəsinə, tarixi Zəfər Qələbəmizə həsr olunan rəsm, diyarşünaslıq, biçmə-tikmə sərgisi  ilə tanış oldular.

 Azərbaycan Dövlət Himni səsləndirildi. Hesabat tədbirində məktəbimizin direktoru Arzu Məmmədova,  təlim-tərbiyə işləri üzrə direktor müavini Rahilə Ağcayeva, tərbiyə işləri üzrə direktor müavini Fəridə Məmmədova və şagirdlər iştirak etdilər.

 “Şahmat” dərnəyinin rəhbəri, fiziki tərbiyə müəllimi Arzu Əliyeva qədim idman növü olan şahmatdan danışdı, bu oyuna şagirdlərin maraq göstərdiyini bildirdi. Dərnək üzvləri qeyd etdilər ki, şahmat oyunu təxminən 4000 il bundan əvvəl Misirdə, eləcə də Hindistanda oynanılıb.Şahmat iki oyunçu arasında taxta lövhə üzərində əyləncəli və rəqabətli oyundur. Şahmat iki tərəfin - ağ və qara fiqurlarla oynayan rəqiblərin həm də mübarizəsidir. Şahmatı bütün dünyada milyonlarla insan evdə, işdə, idman yarışlarında oynamağı bacarır. Məktəbin direktoru Arzu Məmmədovanın gənc idmançılara “Şahmətı öyrənməkdə məqsədiniz nədir? – sualına isə onlar şahmatı öyrənərkən riyazi biliklərini, intelektlərini artırdıqlarını və zehni yorgunluğunu dəf etdiklərini söylədilər.

 “Məntiq” dərnəyinin rəhbəri ibtidai sinif müəllimi Aygün Xanbutayeva şagirdlərinin həvəslə dərnəkdə iştirakını, onların riyazi-məntiqi məsələləri həll etdikləri haqqında danışdı. Şagirdlər qeyd etdilər ki, məntiq - mülahizələr haqqında elm, eyni zamanda fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elmdir. Burada məntiqi biliklər həm də təfəkkürə əsaslanır. Məntiq qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlanır. Bu elmin inkişafında Aristotelin xidmətləri vardır. Məktəbin direktoru Arzu Məmmədovanın gənc məntiqçiərə  “Məntiq elminin digər hansı elmlərlə əlaqəsi vardır?” sualına onlar hazırda məntiq elminin riyaziyyat və informatikanın ayrılmaz hissəsi hesab etdiklərini söylədilər.

 Məktəbin texnologiya müəllimi Minaxanım Adıgözəlovanın rəhbərliyi altında “Tikmə-toxuma” dərnəyinin üzvləri müxtəlif rəngli saplardan istifadə edərək hazırladıqları muncuqlu əl işlərini nümayiş etdirdilər. “Tikmə və toxuma” dərnəyində qədim ənənələrə malik olan tikmə sənətinin sirlərini öyrənirlər. Minaxanım müəllimə qeyd etdi ki, tikmə sənətində ən çox rəngli ipək saplardan, muncuqlardan istifadə olunur. Dərnəkdə şagirdlərə müxtəlif janrlarda toxuma üsulları, tikmənin - güləbətin, təkəlduz, xovlu tikmə, zəncirvari, qurama və s. növləri öyrədilir. Mina müəllimə tullantılardan, eləcə də muncuqdan hazırlanan əl işlərini, müxtəlif toxumaları da iştirakçılara təqdim etdi. Tərs toxuma və düz toxumadan da danışdı.

 Tədbirdə təsviri incəsənət müəllimi Həcərxanim Kərimovanın rəhbərliyi altında “Rəsm” dərnəyinin üzvlərinin rəngli boya ilə çəkdikləri əsərlər nümayiş olundu. Bu rəsmlər əsgərlərimizə, Şuşaya, Qarabağa həsr edilmişdi. Həcərxanim Kərimova gənc rəssamların bu rəsm əsərlərində Şanlı Zəfər Qələbəmizin , tarixi torpaqlarımızda Azərbaycan Ordusunun qəhrəmanığının tərənnüm olunduğunu qeyd etdi.

 Tarix müəllimi Təranə Cəbiyevanın rəhbərliyi altında “Gənc tarixçilər” dərnəyinin üzvləri misgərlik nümunələrindən, qədim zərgərlik məmulatlarından ibarət əşyaları, kələğayı baş örtüklərini və Şuşanın tarixi, mədəniyyəti ilə bağlı hazırladığı foto-stendi iştirakçılara təqdim etdilər. Məktəbin direktoru Arzu Məmmədova zərgərlik məmulatları içərisində nümayiş olunan qədim sırga nğvü haqqında soruşarkən, Təranə müəllimə üzəri şəbəkəli olan qızıl sırğanın “daraği” adlandığını bildirdi. Sırğanın keçmişdə, həm də hazırda qadınların ən sevimli zinət əşyası olduğunu da qeyd etdi.  Dərnək rəhbəri Təranə müəllimə ötən yüzilliklərdən yadigar olan sərgidəki maddi-mədəniyyət nümunələri, onların yaranma tarixindən də danışdı. Sonra şagirdlərin tariximizə daha çox maraq göstərdiyini bildirdi. Şagirdlər dərnəkdə məktəbin yaxınlığındakı ərazidə abidələrimizin tarixini, keçmişimini öyrəndiklərini, muzeylərə ekskursiyada və dəyirmi masalarda fəal iştirak etdiklərini söylədilər.

 “Bədii qiraət” dərnəyinin rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Güldanə Xalıqovanın rəhbərliyi altında şagirdlər istiqlal şairi Əhməd Cavadın “Səsli qız” poemasından parçalar ifa etdilər. “Səsli qız” poemasında Vətənə olan sonsuz məhəbbəti, işğalçılara dərin nifrəti dərnək üzvləri məharətlə oynadılar. Tamaşada diqqət çəkən məqamlardan biri poemanın baş qəhrəmanı Saranın vətənini dərin məhəbbətlə sevən, xalqının azadlığı uğrunda həyatını qurban verməyə hazır olan fədakar obrazı, digəri isə müxtəlif rəqs ifaları oldu.  Tamaşanın sonunu tədbir iştirakçıları alqışlarla qarşıladılar.

 Hesabat tədbirinin sonunda məktəbin direktoru Arzu Məmmədova “Gənc tarixçilər”, “Məntiq”, “Rəsm”, “Bədii qiraət” və “Şahmat”  dərnəklərinin maraqlı, rəngarəng  və vətənpərvər hissi ilə hazırladığı hesabatı yüksək dəyərləndirərək, onlara təşəkkür etdi. Sonra xatirə şəkli çəkildi. İnanırıq ki, məktəbimizdə yaradılan bu dərnəklər şagirdlərimizin gələcək təhsilində, asudə vaxtının təşkilində, bilik və bacarıqlarının inkişafında geniş imkanlar açacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi