" Bura Vətəndir ! " adlı açıq dərs keçirildi

Azərbaycan dili fənni üzrə təşkil olunmuş " Bura Vətəndir ! " adlı açıq dərs , müasir Azərbaycan tarixinin ən şərəfli səhifələrindən olan 1 - ci və 2 - ci Qarabağ müharibələrinə həsr edilmişdir . Dərsin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək , milli kimlik və torpaq sevgisi hisslərini gücləndirmək , gənc nəslə Azərbaycanın qəhrəmanlıq tarixini daha dərindən aşılamaq olmuşdur .
Dərs qeyri - ənənəvi , interaktiv formatda – rollu oyun şəklində təşkil edilmişdir . Şagirdlər hərbçilərin , şəhid ailələrinin nümayəndələrini canlandıraraq həmin dövrlərin hadisələrini emosional və mənəvi cəhətdən dolğun şəkildə təqdim etmişlər . Bu yanaşma həm onların bilik və bacarıqlarının inkişafına , həm də tarixi hadisələri dərindən qavramalarına şərait yaratmışdır .
Dərs boyu şagirdlər yalnız məlumat almaqla kifayətlənməmiş , eyni zamanda öz çıxışları , səhnəcikləri və təqdimatları vasitəsilə müharibə şəraitində xalqımızın nümayiş etdirdiyi birlik , iradə və qəhrəmanlıq nümunələrini dərindən mənimsəmişlər . Onlar şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramla yanaşaraq , onların keçdiyi şərəfli döyüş yolunu böyük iftixarla təqdim etmişlər .