SON ZƏNG

    14 iyun 2024-cü il tarixində elm və təhsil naziri Emin Əmrullayev məktəbimizdə keçirilən “Son zəng” tədbirində iştirak etdi.

    Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müəllim və şagirdlər, şəhid ailələri də iştirak edirdilər.

    “Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başladı.

    Tədbirdə çıxış edən Emin Əmrullayev bu gün ölkə üzrə 4 mindən çox məktəbdə “Son zəng” tədbirlərinin keçirildiyini diqqətə çatdırdı. Nazir “Böyük Qayıdış”la yenidən canlanan, müasir məktəblərin fəaliyyət göstərdiyi işğaldan azad edilmiş torpaqlarımızda da bir neçə gəncin məzun olduğunu vurğuladı.

    216 nömrəli məktəbdə daha çox hərbçi övladlarının təhsil aldığını vurğulayan nazir bu gün məzun olan şəhid, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun qızı Gülanə Qasımlının timsalında bütün məzunları təbrik edib. Nazir gənclərə həyatlarının yeni qədəm qoyduqları bu mərhələsində uğurlar arzuladı.

    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da çıxışında məzunları təbrik edərək onlara müvəffəqiyyətlər arzuladı.

    Məktəbin direktoru Səidə Rəhimova çıxışında bildirdi ki, bu il təhsil müəssisəsinin 43 şagirdi məzun olur.

    Tədbir şagirdlərin hazırladıqları “Son zəng” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi