Onlayn müsabiqəyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Böyük zəfərin  başlanğıcı!” mövzusunda onlayn rəsm müsabiqəsinə start verilib.

“Aprel döyüşləri”ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş rəsm müsabiqəsi BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında onlayn qaydada keçirilir.

Mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq onlayn keçirilən müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işnin davamlı təşkilinə nail olmaq, aprel döyüşlərində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə onların bədii-estetik zövqünü formalaşdırmaq, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.

İki mərhələdən (rayon, şəhər) ibarət müsabiqə üç yaş qrupu üzrə (6-9, 10-14 və 15-18 yaş kateqoriyası) təşkil olunur. Hər iştirakçı müsabiqəyə yalnız bir rəsm işi ilə qatıla bilər. Rəsmlərin işlənmə texnikası sərbəstdir.

Müsabiqənin rayon mərhələsində hər kateqoriya üzrə 2 nəfər olmaqla, ümumilikdə 6 iştirakçı, şəhər mərhələsində isə hər kateqoriya üzrə 3 nəfər olmaqla, ümumilikdə 9 iştirakçı (3 nəfər I yer, 3 nəfər II yer, 3 nəfər III yer) qalib seçiləcək. Yekun mərhələdə hər kateqoriya  üzrə  fərqlənən 5 iştirakçı, ümumilikdə 15 nəfər Tərifnamə ilə təltif ediləcək.

Qeyd edək ki, rəsm işləri A3 və ya A4 formatında olmalıdır. Rəsmin aşağı tərəfində sol küncündə müəllifin adı, soyadı və atasının adı, əlaqə nömrəsi, rayon və oxuduğu təhsil müəssisəsinin və уa məşğul olduğu məktəbdənkənar müəssisənin adı yazılmalıdır. Yekunda qalib seçilmiş rəsm işlərinin orijinalının təqdim olunması tələb edilə bilər. Rəsm işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Rəsm işləri müsabiqəyə iştirakçılar (valideyn və ya qanuni nümayəndə) tərəfindən BŞTİ-nin [email protected] elektron poçt ünvanına (skan olunmuş elektron versiya) və ya (+994 55) 897-45-75 mobil nömrəsində qeydə alınmış "Whatsapp" şəbəkəsi vasitəsilə (şəkil formatında) aprelin 10-dək göndərilə bilər. Rəsm işlərinin elektron versiyasının (və ya şəklinin) aydın görünüşdə olması nəzərə alınmalıdır.

Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən əsərlərə üstünlük veriləcək. Əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmaması və yeni çəkilmiş rəsmlərin təqdim olunması vacib amillərdəndir.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi