"Dilimiz- varlığımızdır"
H.Mahmudbəyov adına 2 nömrəli Texniki Humanitar Elmlər liseyində hər ay keçirilən fənn aylıqları çərçivəsindəki liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Fərəclinin rəhbərliyi ilə təşkil olunmuş "Dilimiz - varlığımızdır" adlı şeir müsabiqəsi keçirildi.
Dil hər bir xalqın mənəvi sərvəti, qürur yeridir. Tarixin sınağından çıxıb cilalana-cilalana bu günümüzədək gəlib çatan Azərbaycan dili də bizim hər birimiz üçün ana laylası kimi əziz və müqəddəsdir.
Bəli, "dil" və "ana" sözləri həmişə qoşa işlənir. Bu da təsadüfü deyildir. İnsan dünyaya göz açandan dil ananın südü, besik başında oxuduğu laylaları, oxşamaları ilə onun canına, qanına hopur. Bütün dünyaya səpələnmiş azərbaycanlıların ana dili olan Azərbaycan dili qədim tarixə malikdir. Bu dil hələ Şah İsmayıl Xətayinin hakimiyyəti dövründə dövlət dili səviyyəsinə yüksəlmiş, ondan diplomatik hərbi-təlim dili kimi istifadə olunmuşdur.
Əcdadlarımız Azərbaycan dilini yad təsirlərdən qoruyub saxlamış, yaşatmış və ən şirin nəğmətək bizlərə ərməğan etmişlər. Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxildir. Bu gün dilimiz zəngin ifadə vasitələrinə, mükəmməl qrammatik quruluşa, kamil əlifbaya malik dil səviyyəsinə yüksəlmişdir. Bu dildə elmin, texnikanın müxtəlif sahələrinə aid saysız-hesabsız sanballı kitablar yazılmış, lüğətlər, ensiklopediyalar çap olunmuşdur.
Dili bəzən canlı orqanizmə bənzədirlər. Həqiqətən də, dilin daşıyıcıları varsa, deməli, o yaşayır, inkişaf edir. Bu cəhətdən bizim ana dilimizlə fəxr etməyə tam haqqımız var. Respublikamız müstəqillik qazandıqdan sonra Azərbaycan dilinə rəsmi dövlət dili statusu verilmişdir. Bununla da dilimizin qarşısında yeni inkişaf üfüqləri açılmışdır.
Liseyimizdə təşkil olunan şeir müsabiqəsində I yer nominasiyası üzrə İsmayılova Sevil, Ağayeva Rəhimə, II yer nominasiyası üzrə Əsgərov Zaur, Hüseynova Fatimə, Əzizova Ləman və III yer nominasiyası üzrə isə İbrahimova Esmira, Həziyeva Simuzər və Fətiyeva Ləman qalib seçildilər. Münsiflər heyətində isə liseyin direktoru Bəkir Mustafayev, tədris işləri üzrə direktor müavini (DHM) Nuranə Şıxəliyeva, tərbiyə işləri üzrə direktor müavinləri Kəmalə Abbasova və Ülviyyə Tahirzadə, Azərbaycan dili və ədəbiyyat müəllimləri Şəfiqə Kərimova, Nuriyyə Quliyeva və Fərəcli Təranə iştirak edirdi.