Görkəmli maarifçinin yubileyi qeyd olunub

2 nömrəli Texniki Humanitar Liseyin adını daşıdığı görkəmli maarifçi, ictimai xadim Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd olunub.
Bakı Kitab Mərkəzində keçirilən yubiley mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Anar İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, yazıçı-publisist Şərəf Cəlilli, xalq artisti Nurəddin Mehdixanlı, xalq rəssamı Rza Avşar, liseyin rəhbərliyi və müəllimlər iştirak ediblər.
MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova “Həbib bəy Mahmudbəyovun yaratdığı məktəb” adı ilə tanınan təhsil ocağının bu görkəmli ziyalının 160 illik yubiley mərasimini təşkil etməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, belə şəxsiyyətlərin xatırlanması, onların qoyduğu maarifçilik ənənələrinin yaşadılması olduqca önəmlidir. N.Hüseynova əsası H.Mahmudbəyov tərəfindən qoyulan 2 nömrəli Texniki-Humanitar Liseyin bu gün də onun ənənələrinə sadiq qalaraq təhsilimizin inkişafı, yeni ziyalı nəsillərin yetişməsi işinə töhfələr verməyə çalışdığını diqqətə çatdırıb.
Millət vəkili A.İsgəndərov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru M.Mərdanov, Liseyin direktoru T.Məcidli, yazıçı-publisist Ş.Cəlilli, xalq artisti N.Mehdixanlı, xalq rəssamı R.Avşar çıxış edərək H.Mahmudbəyovun Azərbaycanda ziyalı nəslinin yetişməsinə töhfə verən böyük şəxsiyyət kimi səciyyələndiriblər. Bildiriblər ki, maarifpərvər ziyalının zəngin pedaqoji irsi xalqımızın məktəb və pedaqoji fikir tarixinin şanlı səhifələrindəndir.
Yubiley mərasimində H.Mahmudbəyovun həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.İncəsənət xadimlərinin ifasında Qara Qarayevin "Yedi gözəl" baletindən vals, Xəyyam Mirzəzadənin "Miniatürlər"i, Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərindən kiçik bir səhnə tədbirə xüsusi bir rəng qatıb.