Su torpağa qarışarsa palçıq olar, qan qarışarsa Vətən!
Su torpağa qarışarsa palçıq olar, qan qarışarsa Vətən!
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
20 yanvar faciəsi ilə bağlı H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə V sinif şagirdləri arasında Həqiqət Rüstəmovanın rəhbərliyi ilə "İdeya" adlı şagirdlərin öz ideyalarını işıq üzünə çıxarmaq məqsədi ilə tədbir keçirildi. Tədbirdə münsiflər heyəti olaraq liseyin direktoru Bəkir Mustafayev, tədris işləri üzrə direktor müavini Nuranə Şıxəliyeva, tərbiyə işləri üzrə direktor müavini Kəmalə Abbasova, informatika müəllimi Həqiqət Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi Ellada Həziyeva və texnologiya müəllimi Gülnarə Əsədova iştirak etdi. Şagirdlər stimul və motivasiya olaraq rəhbərlik tərəfindən hədiyyələrlə təltif olundular.