Riyaziyyat sonsuz bir ümmandır
H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə riyaziyyat fənnini tədris edən Taliyə Tarverdiyeva tərəfindən yüksək səviyyədə təşkil olunmuş "Riyaziyyat gecəsi" tədbiri dövlət himni səslənərək başlandı. İlk növbədə liseyin foesində stend və güşələr diqqəti cəlb edirdi. Məşhur riyaziyyatçıların şəkilləri, bu elmə aid məlumatlar, “Riyaziyyat elmlərin şahı, hesab isə onun tacıdır”, “Riyaziyyat üçün coğrafi sərhəd yoxdur”, “Riyaziyyat üçün böyük dünya tək bir ölkədir” və digər kəlamlar maraq doğururdu. Dahi Nizaminin belə bir müdrik kəlamı var: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz.” Əsrlərdən bəri dillərdən düşməyən bu kəlam elmin üstünlüyünü əks etdirir. Riyaziyyat ilk baxışdan çətin görünən elmdir. Onu sevmək üçün başa düşmək lazımdır. Bəşəriyyətlə eyni vaxtdan yaranmış, uzun inkişaf yolu keçmişdir. Hal-hazırda ölkəmizdə riyaziyyat elmi yüksək səviyyədədir. Riyaziyyat sonsuz bir ümmandır. Riyaziyyatı həndəsi fiqurlarsız təsəvvür etmək qeyri mümkündür.
Altıncılar bu fiqurları nümayiş etdirərək onların xassələrindən söhbət açdılar. Eyni zamanda, şagirdlər rəqsləri ilə də tədbir iştirakçılarının alqışlarını qazandılar. Tədbirdə həmçinin şagirdlər tərəfindən riyaziyyata bu elmin inkişafında danılmaz xidmətləri olan şəxslərə aid şeirlər səsləndirilərək mahnılar ifa olundu. Ən sonda isə liseyin direktoru Bəkir Mustafayev tədbirdə iştirak edən qonaqlara və tədbirin ərsəyə gəlməsində əziyyəti olan hər bir kəsə təşəkkürünü bildirdi.