Həbib bəy Mahmudbəyovun 160 illik yubileyinə həsr olunmuş “Maarif ziyasını yayanlar” mövzusunda ədəbi tədbir keçirilib.
Dekabrın 10-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli maarifçi, ictimai xadim Həbib bəy Mahmudbəyovun 160 illik yubileyinə həsr olunmuş “Maarif ziyasını yayanlar” mövzusunda ədəbi tədbir keçirilib.
Mərasimdə Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin müəllim-şagird heyəti, muzeyin əməkdaşları və onların övladları, ictimaiyyət nümayəndələri, KİV mənsubları və digər qonaqlar iştirak ediblər.
Muzeyin direktoru akademik Rafael Hüseynov “İşığı sönməyən Həbib bəy Mahmudbəyov” adlı məruzəsini təqdim edərək bildirib ki, Həbib bəy Mahmudbəyov ötən əsrin əvvəllərində Azərbaycan maarifçiliyində və mədəniyyətin inkişafı sahəsində xidmətlər göstərmiş ziyalılarımızdan biridir. O, nəslinin, şəcərəsinin ənənələrini kənara qoyaraq çətin yol seçib, elmə üz tutub, özü kimi fədakar və maarifpərvər insanları ətrafına toplayaraq rus-müsəlman kitabxanası yaradıb.
Həbib bəy Mahmudbəyovun adını yaşadan 2 saylı Texniki-Humanitar liseyinin şagirdlərinin ifasında Rus-Azərbaycan məktəbinin müəllimləri olmuş görkəmli ədiblərin və müdavimlərin əsərlərindən nümunələr səsləndirilib, səhnəciklər göstərilib. Sonda akademik Rafael Hüseynov tədbir iştirakçılarına Nizami Muzeyinin Fəxri fərmanlarını təqdim edib.