Bakı və Şuşa məktəbi arasında saziş imzalanıb
Bakı və Şuşa məktəbi arasında saziş imzalanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə paytaxtdakı 2 nömrəli Texniki-Humanitar Lisey və Şuşa 1 nömrəli tam orta məktəbi arasında milli-mənəvi dəyərlərin təbliği, mütaliə mədəniyyəti, yazı vərdişlərinin formalaşdırılması istiqamətində birgə fəaliyyəti əks etdirən əməkdaşlıq sazişi imzalanıb.
Şuşa 1 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qazi müəllimlər, KİV təmsilçiləri, məktəb direktorları və digər qonaqlar iştirak edib.
Mərasimdə çıxış edən qonaqlar 2 nömrəli Texniki-Humanitar Lisey və Şuşa şəhər 1 nömrəli tam orta məktəbi arasında imzalanan əməkdaşlıq sazişini ölkəmizin inzibati və mədəniyyət paytaxtları arasında uğurlu təhsil körpüsü adlandırıblar.
Daha sonra tədbir iştirakçıları məktəbin həyətində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkiblər.