Mehdi Hüseynzadənin 100 illik yubileyi
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 iyun tarixli sərəncamının icrası ilə əlaqədar qəhrəmanın adını qürurla daşıyan məktəbimizdə silsilə tədbirlər keçirilir.
Həmin tədbirlərin yekunu olaraq Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə məktəbimizdə böyük bir tədbir keçirildi.Tədbirimizə əvvəlcədən dəvət etdiyimiz çox mötəbər qonaqlar təştif buyurdular.İştirak edən qonaqlar sırasında Nəsimi rayonundan Milli Məclisin deputatı, millət vəkili Məlahət İbrahimqızı, M.Hüseynzadənin yaxın qohumu Mehdi Əzizbəyov, Nəsimi rayon İcra hakimiyyətinin əməkdaşı Vəfa İsmayılova, İdman və Gənclər İdarəsinin nümayəndələri,məktəb direktorları, qazilər, müharibə əlilləri, Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyev var idi.
Tədbirin başlanğıcı olaraq M.Hüseynzadənin məktəbin həyətindəki büstü qonaqlar tərəfindən ziyarət edildi, qarşısına qrənfillər düzüldü.Daha sonra qəhrəmanın əziz xatirəsinə həsr edilmiş sərgiyə baxıldı.Tədbirin bədii hissəsində Sovet İttifaqı qəhrəmanı M.Hüseynzadənin sonsuz şücaətindən,misilsiz qəhrəmanlıq əməllərindən söhbət açıldı. Mixaylodan bəhs edən “uzaq sahillərdə” filmindən səhnəciklər nümayiş edildi, vətənpərvərlik ruhunda olan mahnılar, rəqs və şeir nümunələri təqdim olundu.
Tədbirin sonunda məktəbin direktoru Akif Əliyev çıxış edərək sözü qonaqlara verdi.Tədbirin ahəngliyi və zənginliyi qonaqların da marağına səbəb olduğundan onlar məktəbimizin kollektivinə belə bir tədbirin təşkili üçün təşəkkür etdilər.