Fövqəladə hallarda özünü necə aparmalı
11 noyabr 2015-ci il tarixdə Nəsimi rayonundakı M.Hüseynzadə adına19N-li tam orta məktəbdə Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Xalid Kərimov və digər qonaqlar iştirak etmişlər. Tədbirin akt zalında keçirilən nəzəri hissəsini məktəbin direktoru açaraq qloballaşan müasir dünyada təbii fövqəladə hallar zamanı şagirdlərin özlərini necə aparmaları barədə nəzəri və praktiki bacarıqlara malik olmasının zəruriliyini qeyd etmişdir. Sonra Bakı Regional Mərkəzinin əməkdaşları polkovnik-leytenant Pərviz Əliyev, Fərid Məmmədhüseynov, daxili xidmət baş leytenantı Tural Rəhimli, kapitan Toğrul Vəliyev, daxili xidmət polkovnik-leytenantı Elgün Ələkbərov, Pərvin Ələkbərova, daxili xidmət leytenantı Elşən Zeynalov “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli”,”Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli” və s. mövzularda təqdimalar etmişlər. Tədbirin təşkilində məktəbin X sinif şagirdləri Ruhanə Əsgərova, Emin Abidov, Aytən Salahova, XI sinif şagirdləri Tamara Əliyeva, Aytac Yusubova, müəllimlərdən Təbəssüm Zamanova, Zülfiyyə Bağırova fəal iştirak etmişlər. VII sinif şagirdlərinin göstərdiyi “Zəlzələ” səhnəciyi, IV sinif şagirdlərinin ədəbi-bədii kompozisiyası şagird və qonaqların alqışlari ilə qarşılanmışdır. Tədbirin praktiki hissəsi məktəbin həyətində davam etdirilmişdir. Bakı regional Mərkəzinin əməkdaşları tərəfindən Mersedes-Benz Sprinter xüsusi təyinatlı xilasetmə avtomobili, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, fövqəladə hallarda ilk tibbi yardım qaydaları praktiki olaraq nümayiş etdirilmişdir.