Beynəlxalq Sülh Gününə həsr edilmiş dəyirmi masa

21 sentyabr 2015-ci il tarixdə Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 N-li məktəbdə Beynəlxalq Sülh Gününə həsr edilmiş “Biz sülhə səs veririk” adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada məktəbin direktoru Beynəlxalq Sülh Gününün tarixindən danışmış, elə bu il də BMT baş katibi Pan Gi Munun dünyada müharibə edən tərəflərə müraciət edərək, qətillərin, dağıntıların dayandırılmasına və davamlı sülhün təmin olunmasına çağırışını misal gətirmişdir. O, təəssüflə qeyd etmişdir ki, Ermənistan Silahlı Qüvvələrinin silahları heç bir beynəlxalq və müqəddəs bayramlarda belə susmaq bilmir. Bu səbəbdən cəbhəyanı kəndlərimizin gecələri daha təhlükəli olur, cəbhə xəttində yerləşən kəndlərdə yaşayan uşaqlarımız ermənilərin açdığı atəş səsləri altında təhsillərini davam etdirirlər. Cəbhə kəndlərinin balaca sakinləri hər gün təhsil almaq üçün gediş-gəlişi təhlükəli olan yollarla məktəbə yollanırlar. Ermənilərin açıq-aydın müşahidə edə bildiyi yaşayış məntəqələrindəki uşaqlar da təhsil almaq üçün torpaq və ya daşdan hörülmüş istinad divarlarının arxasından gedib gəlirlər. Dəyirmi masada çıxış edənlər qeyd etdilər ki, həmin balacalar dünya xalqlarının lüğətində ən anlamlı kəlmə hesab olunan "Sülh" sözünün böyüklüyünə ömürlərinin sonunadək bəlkə də inanmayacaqlar. Buna səbəb isə qana susamış, uşaq qatili olmaqdan usanmayan Serj Sarkisyan və onun işğalçı ordusudur.Çıxış edən şagirdlər isə hər şeyə rəğmən, sülh istədiklərini söylədilər. Sonda məktəblilərin sülhə aid çəkdiyi şəkillər məktəbin foyesində təşkil edilən sərgidə nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi