“Son zəng” şənliyi keçirilmişdir

29 may 2015-ci il tarixdə Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə “Son zəng” şənliyi keçirilmişdir. Məktəbin həyəti şarlarla, gül-çiçəklə bəzədilmişdi. Bayram Azərbaycan Respublikasının dövlət himni ilə başlanmışdır. Aparıcıların dəvəti ilə məzunlar şənliyə daxil olmuş, tədbiri açıq elan etmək üçün məktəbin direktoruna söz verilmişdir. O, gələn qonaqları təqdim etmiş, məktəbin bir illik nailiyyətlərindən söz açaraq demişdir: “Əziz müəllimlərimiz, istəkli valideynlərimiz, hörmətli qonaqlarımız və mehriban şagirdlərimiz! Sizin hamınızı bu şən günümüzdə salamlayır və hər birinizə “Xoş gəlmişsiniz” deyirəm. Bu günün həyəcanını, fərəhini bizimlə paylaşacağınız üçün sizlərə təşəkkür edirik! İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir. Mən bu əziz gün münasibətilə bütün məzunları təbrik edir, arzu edirəm ki, tələbə adına layiq görülüb öz əməlləri ilə Vətənimizin adını həmişə zirvələrə ucaltsınlar. Bu 11 ildə, bəlkə də, bu gün yeganə gündür ki, biz onu həm sevinclə, həm də kədərlə qarşılayırıq. Sevinirik, çünki uşaqlıqdan hər biriniz müstəqil olacağımız günü səbirsizliklə gözləyirdiniz. Artıq məktəbi bitirərək siz buna nail oldunuz. Bu gündən etibarən məktəb illərini geridə qoyaraq, həyatın enişli-yoxuşlu yolları ilə irəliləyəcəksiniz. Bu yolda büdrəyən də olacaq, alnıaçıq irəli gedən də, dönüb keçmiş illərə həsrətlə boylanan da. Kədərlənirik, çünki 11 il bir yerdə sevincinizi paylaşıb, kədərinizi bölüşdüyünüz mehriban sinif yoldaşlarınızdan, ananız qədər doğma olan sevimli müəllimlərinizdən, hətta sinif otaqlarınızdan, üzərinə tabaşirlə yazılar yazdığımız sinif lövhələrindən ayrılacaqsınız,arxası çantalı uşaqlıq dövründən ayrılacaqsınız.” Direktor məktəbin təhsil, idman nailiyyətlərindən, şagirdlərin müvəffəqiyyətindən danışmış, məktəbin son bir ildə qoşulduğu layihələrdən söhbət açmışdır. Respublikamızda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasətinin uğurlarından danışmışdır. Heydər Əliyev fondunun Respublikamızda təhsilin inkişafına verdiyi dəstəyi, aparılan quruculuq işləri, keçirilməsinə sayılı günlər qalan I Avropa Oyunlarının ölkəmizin həyatındaki yeri haqqında məlumat vermişdir. Çıxış edən qonaqlar, ilk müəllimlər, sinif rəhbərləri qeyd etmişlər ki, məktəbdə alınan bilik,zəka sabahın ismətidir, burdan kim nə apardı ömürlük qismətidir. Bu gündən etibarən Siz məktəbə şagird kimi yox, müstəqil Azərbaycanın azad gəncləri kimi gələcəksiniz. Arzu edirik ki, bütün məzunların səsi ali təhsil ocaqlarından gəlsin və sizi öz qoynunda sevimli balası kimi əzizləyən məktəbinizi, istəkli müəllimlərinizi, qayğısız həyatlarını heç vaxt unutmasınlar. Ürəyimiz doludur, arzularımız sonsuzdur. Qoy səsimiz, alqışlarımız sizin əməli işlərinizin yardımçısı olsun! Tədbirin qonaqlarından olan Texniki Humanitar liseyin direktoru Səidə Zeynalova dedi: Siz bu gün 19 nömrəli məktəbi bitirirsiniz. Qarşıda isə həyatın bütün hər üzünü, sərt üzünü, şən üzünü öyrədən bir məktəb də var: Həyat məktəbi. O məktəb bizim demədiklərimizi , öyrədə bilmədiklərimizi öyrədəcək. O həyat məktəbinin imtahanlarında sizə uğurlar diləyirəm. ATİAHİ Nəsimi rayon komitəsinin sədri Fazil Sadıqov çıxış edərək demişdir: Arzu edirəm bundan sonrakı zənglər sizi ali məktəb mühazirə otaqlarına, iş başına, yaxşı işlərə səsləsin.Sıralarınızdan gələcəyin neçə-neçə həkimi, mühəndisi, müəllimi çıxsın. Amma hansı sənətin sahibi olsanız da, həmişə doğma respublikamızın-Azərbaycanımızın dəyərlərinə xidmət edəsiniz, onun tərəqqisi, inkişaf edib gözəlləşməsi üçün çalışasınız. Qoy arzularınız qol-qanad atsın, ümidləriniz puç olmasın. Sonra onbirincilər şeerlər söyləmiş, mahnılar oxumuşlar. Məktəbin “Bilik açarı” təhvil verilmişdir. Məzunları birinci sinif şagirdləri təbrik etmiş və son zəngi çalmışlar. Saat 10-da başlayan şənlik saat 13-dək davam etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi