“Sağlam həyat” devizi ilə ədəbi-bədii gecə keçirilmişdir
6 aprel 2015-ci il tarixdə Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin akt zalında “Sağlam həyat” devizi ilə ədəbi-bədii gecə keçirilmişdir. Gecəni giriş sözü ilə açan məktəbin direktoru Akif Əliyev şagirdlər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə məktəbdə ilboyu təşkil edilən kütləvi tədbirlər və onların əhəmiyyəti haqqında məlumat vermişdir.Tədbirdə şagirdlər ekoloji mühitin qorunmasına, sağlamlığa təsir edən zərərli vərdişlərə, əsrimizin bəlası olan QİÇS xəstəliyinə, narkomaniya, siqaret çəkmə və alkoqolizmə aid videoçarxlara tamaşa etmiş, özlərinin hazırladıqları səhnəcikləri göstərmişlər. Tədbirə dəvət edilmiş qonaqlar-Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Qadir Qurbanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sevda Tağıyeva, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin şöbə müdiri Lalə Dadaşova, həmin mərkəzin əməkdaşları Alagöz Hüseynova, Elnarə Nəsirova çıxış edərək şagirdlərə, eləcə də tədbirin təşkilatçıları-məktəbin biologiya müəllimləri Səlimə Bəkirova və Ülviyyə Məmmədovaya təşəkkürlərini bildirmişlər.Tədbirin sonunda şagirdlər qonaqlarla məktəbin həyətində 20-dək ağac əkmiş və birgə şəkil çəkdirmişlər.