Dilimizin zənginliyini qoruyaq
Məktəbin “Gənc dilçilər” dərnəyinin rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Aidə Mirzəyeva 9 – cu sinif şagirdlərindən ibarət dərnək üzvləri ilə keçirdiyi növbəti məşğələni ana dilinə həsr etdi. O, “Dilimizin zənginliyini qoruyaq” mövzusunda Microsoft Teams platforması üzərindən şagirdlərlə onlayn görüş keçirdi.
Aidə Mirzəyeva dərnək üzvlərinin nəzərinə çatdırdı ki, Azərbaycan dili Türk dilləri ailəsinin Oğuz qrupuna daxildir. Həmçinin Aidə müəllim bildirdi ki, dilimiz qədim tarixi keçmişə malik olan xalqımız tərəfindən həm milli – mənəvi dəyərini saxlamış, həm də cilalanmış və zənginləşmişdir. Şagirdlərin ana dilimizin bir çox fərqli xüsusiyyətləri ilə əlaqədar verdikləri suallar ətraflı şəkildə Aidə müəllim tərəfindən cavablandırıldı.
Dərnək məşğələsinin sonunda şagirdlər tərəfindən dilimizə aid aforizmlər, hikmətli sözlər səsləndirildi. Ulu Öndər Heydər Əliyevin “Öz ana dilini bilməyənlər şikəst adamlardır” ifadəsi ilə müəllim dərnək məşğələsini yekunlaşdırdı.