Tarix yazan igid
Adını Azərbaycanın zəfər tarixinə yazan nur üzlü şəhidlərimizdən biri oldu Rauf. Xalqa şanlı qələbəni daddıranlardan oldu bizim igidimiz. Məktəbin qürur mənbəyinə çevrildi məzunumuz.
Əliyev Rauf Səxavət oğlu 4 iyun 1994 - cü ildə Naxçıvan MR - nın Culfa rayonunda dünyaya göz açıb. Sonralar ailəsi ilə birlikdə Bakıya köçüb. 2000 - ci ildə M. Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin 1 - ci sinfinə daxil olub. Məktəb illərində öz savadı, təşkilatçılığı, nizan - intizamı, humanistliyi ilə müəllimlərinin hörmətini qazanıb, sinif yoldaşlarının sevimlisinə çevrilib. 2011 - ci ildə məktəbi bitirən Rauf elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. Rauf tələbəlik illərində öz üzərində çox işləyib, 3 əcnəbi dilə mükəmməl yiyələnib. İxtisası kompüter mühəndisi olduğu üçün müxtəlif peşəkar kurslara gedərək biliklərini daha da dərinləşdirib.Vətənə borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanan Rauf aprel dğyüşlərində də fəal iştirak edib. qəhrəmanlığına görə o, fəxri fərmanla da təltif edilib. Xidmətini başa vurduqdan sonra Rauf müsabiqə yolu ilə banklardan birinə işə qəbul olunub. Orada mühüm vəzifə tutan qəhrəmanımız hərbi səfərbərliklə 2020 - ci ilin sentyabrında yenidən ordu sıralarına qatılıb.
Vətən müharibəsinə cəsarətlə yollanan igidimiz həyatda qazandığı bütün nailiyyətləri, ailəsini, sevdiklərini geridə buraxıb qızğın döyüşlərə atılıb. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Çox təəssüf hissi ilə deyirik ki, bu döyüşlərdə məktəbimizin igid oğlu ağır yaralanıb. Aldığı yaradan dünyasını dəyişən Rauf Əliyev ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalıb. Şəhadətin mübarək olsun, tarix yazan igidimiz! Məktəb kollektivi olaraq səni heç zaman unutmayacağıq. Sənin ömür yolun hər zaman şagirdlərimiz üçün nümunə olacaq. Qəhrəman adı daşıyan məktəbin qəhrəman oğlu!